Neft və futbol...
29.06.2026

2026-cı ilin futbol üzrə dünya çempionatında stadionlarda Səudiyyənin "Aramco" neft-qaz şirkətinin reklamlarını da görmək olar.

1930-cu ildən keçirilən futbol üzrə dünya çempionatlarında enerji şirkətlərinin reklamı nadir hadisə olub. Çünki "Aramco"-dan öncə belə bir addımı yalnız "Gazprom" şirkəti atmışdı. Lakin "Gazprom" FIFA-nın “eksklüziv tərəfdaşı” deyildi və sponsorluq Rusiyada keçirilən 2018 mundialı ilə bağlı idi.

"Aramco" isə 2024-cü ilin aprelində⁠ FIFA ilə imzaladığı dördillik müqaviləyə görə “Major Worldwide Partner” statusuna malikdir.

"Aramco" reklamlarını FIFA-2026-da görməyiniz əslində daha böyük prosesin – enerji şirkətlərinin sadəcə neft satmaqdan çıxaraq qlobal brend və siyasi nüfuz alətinə çevrilməsinin - nəticəsidir. Bu mənada Aramco reklamları Coca-Cola və McDonald’s reklamları qədər strateji xarakterə malikdir.

Bunu həmçinin enerji diplomatiyasının futbola transfer olunmasının ən bariz nümunələrindən biri kimi də qiymətləndirmək olar.

Hazırda "Aramco" şirkətinin bazar qiyməti təxminən $1.75 trilyon ətrafındadır. Dünyanın ən bahalı enerji şirkəti hesab edilir.

"Saudi Aramco" şirkəti 2026-cı ilin I rübündə gündəlik orta hesabla 12.6 milyon barrel neft ekvivalentində karbohidrogen hasil edib. 2026-cı ilin I rübündə şirkətin vergidən sonrakı xalis mənfəəti $32.5 milyard təşkil edib.

İlham Şaban

visiontv.az