Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin fəaliyyəti təkmilləşdirilib
29.06.2026

Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, “Naxçıvan Muxtar Respublikasında  Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin strukturu” təsdiq edilib.

Naxçıvan Muxtar Respublikasında  Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilib.

Nazirlər Kabineti:

- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb  Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Fərmanla “Naxçıvan Muxtar Respublikasında  Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.
Fərmana əsasən, səlahiyyətli nümayəndəliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində  Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları var.
Səlahiyyətli nümayəndəliyin saxlanma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdiriləcək.

Fərmana görə, Səlahiyyətli nümayəndə aşağıdakı məsələlər barədə  Azərbaycan Respublikasının Prezidentinə təkliflər verəcək:

- Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (bundan sonra – Ali Məclis) Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması;

- Ali Məclisin növbədənkənar sessiyasının çağırılması, habelə  Ali Məclis sessiyasının qapalı iclasının keçirilməsi;

- Azərbaycan Respublikası Prezidentinin aktları ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti üçün əlavə səlahiyyətlərin müəyyən edilməsi;

- bu Əsasnamənin 3.1.1-3-cü və 3.1.1-4-cü yarımbəndlərində nəzərdə tutulan dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin təkmilləşdirilməsi;

aşağıdakı məsələlərə dair  Ali Məclis sədrinin təkliflərinin  Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi ilə bağlı tədbirlər görmək:

- Ali Məclisə seçkilərin təyin edilməsi;

- Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən şəxslərə ixtisas dərəcələrinin və ali xüsusi rütbələrin verilməsi;

- Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltifetmə;

Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının, tabelikdə olmayan publik hüquqi şəxslərinin və dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərinin rəhbərlərinin və onların müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Baş nazirinə razılıq verilməsi;

Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılan hallar istisna olmaqla, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının və tabelikdə olmayan publik hüquqi şəxslərinin Naxçıvan Muxtar Respublikasındakı struktur bölmələri rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
aşağıdakı məsələlərin həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görmək:

- Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin olunması barədə  Azərbaycan Respublikası Prezidentinin təqdimatının  Ali Məclisin sədrinə təqdim edilməsi;

- Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarının yaradılmasına və ləğv edilməsinə dair, habelə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin istefasına dair  Azərbaycan Respublikası Prezidentinin razılığının alınması;

- Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin iş qaydasının  Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılması;

- Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinə dair  Naxçıvan Muxtar Respublikasının Baş nazirinə təkliflər verilməsi;

- müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin edilməsinə dair  Ali Məclis sədrinin təqdimatının  Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi;

- Ali Məclisin növbədənkənar sessiyasının çağırılmasına dair  Azərbaycan Respublikası Prezidentinin tələbinin  Ali Məclisə təqdim edilməsi;

- Ali Məclis sessiyasının qapalı iclasının keçirilməsinə dair  Azərbaycan Respublikası Prezidentinin təklifinin  Ali Məclisə təqdim edilməsi;

müvafiq ərazidə  Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər səlahiyyətlərin həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görmək;

Bu Fərman 2026-cı il iyulun 1-dən qüvvəyə minir.

visiontv.az