İranda ultra-radikal “Paydari” cərəyanının mənəvi liderlərindən biri hesab olunan Məhəmməd Mehdi Mirbaqiri iddia edib ki, o, Əli Xameneinin vəsiyyətnaməsi ilə tanış olub. Onun sözlərinə görə, həmin vəsiyyətnamədə Əli Xamenei vəfat etdikdən sonra onun cənazə namazının yeni dini lider kimi Müctəba Xamenei tərəfindən qılınması qeyd olunub.
Lakin Hindistanda Müctəba Xameneinin nümayəndəsi olduğu bildirilən Məcid Həkim Elahi “India Today” telekanalına açıqlamasında deyib ki, Müctəba Xamenei təhlükəsizlik narahatlıqları səbəbindən atası Əli Xameneinin dəfn mərasimində iştirak etməyəcək. O bildirib ki, buna əsas səbəb İsrailin İranın yüksək vəzifəli şəxslərinə qarşı davam edən təhdidləridir.
MirBaqiri isə bu açıqlamaya münasibət bildirərək deyib ki, əgər Müctəba Xamenei atasının dəfn mərasimində iştirak etməsə, bu, ona qarşı çevriliş baş verdiyi və onun ictimaiyyət qarşısına çıxmasına imkan verilmədiyi ehtimalını gücləndirər. O, narahatlığını ifadə edərək bildirib ki, Müctəba Xameneini gizlədənlər bu məsələyə aydınlıq gətirməlidirlər.
Əks halda, onun ortalıqda görünməməsi ciddi problemlərə səbəb ola bilər.
Sadiq İsabəyli
visiontv.az