Köçəri Oyunlarının doğurduğu böyük rezonans və yersiz qorxu
10.09.2026

Qırğızıstanda keçirilən VI Ümumdünya Köçəri Oyunları artıq bir neçə gündür başa çatsa da, lakin bu oyunların effekti və nəticələri ənənəvi mediada, sosial şəbəkələrdə, Yutub platformasında hələ də sıx-sıx müzakirə edilməkdədir. Özü də xüsusi canfəşanlıqla, təəssübkeşliklə, qısqanclıq və paxıllıq hissilə müzakirə edilməkdədir.

Kimlər müzakirə edirlər? Niyə müzakirə edirlər?

İlk növbədə Rusiya, Ermənistan və İranı qeyd edə bilərik.

Rusiyanın həm əsl rus kökənli, şovinist Z-blogerləri, propaqandaçı ekspertləri bu oyunlara sarkazm dolu münasibət bildirirlər. Rusiyanın Şimali Qafqaz bölgəsindəki qeyri-rus mənşəli yerli xalqların nümayəndələri də VI Ümumdünya Köçəri Oyunlarını neqativ yöndən qiymətləndirməyə səy göstərirlər. Bir sözlə, Rusiyadan olan ictimai fəalların, sosial şəbəkələrdəki "divan" ekspertlərin hətta o dərəcədə cızdaqları çıxıb ki, onlar bu Köçəri Oyunlarını Türk dünyasının "rus aləmi"nə qarşı çıxması kimi dəyərləndirirlər. Onların yanaşmasına görə, bu Oyunlar sadəcə bir idman hadisəsi deyildi. Bu, idmandan daha fərqli, daha ötə, daha qlobal bir məsələdir onlara görə. Ruslar bu Oyunları siyasiləşdirirlər, ideoloji ton verməyə çalışırlar. Ona görə də məsələni belə qoyurlar: niyə Dünya Köçəri Oyunları Rusiya ilə yanaşı başqa bir dünya üçün bir nümayişə çevrildi? Bəs, bölgənin bütün xalqları yalnız vahid bir mərkəzin himayəsi altında və vahid imperiya sərhədləri daxilində inkişaf edə bilərmi?

Lakin 100-dən çox ölkənin nümayəndələrini bir araya gətirən Qırğızıstanda keçirilən bu genişmiqyaslı, qlobal idman tədbiri tamamilə fərqli bir reallığı ortaya qoydu.

Ona görə də VI Ümumdünya Köçəri Oyunları ətrafındakı müzakirələr adi idman şərhlərindən daha çox, siyasi, ideoloji və mədəni çalarlar daşıyır. Məsələ təkcə yarışların nəticəsi, təşkilati səviyyəsi və ya iştirakçıların çıxışı ilə məhdudlaşmır. Burada daha dərin bir narahatlıq, daha iri bir geosiyasi və mənəvi çarpışma hiss olunur. Çünki VI Köçəri Oyunları, əslində, bir idman hadisəsindən çox, tarixi yaddaşın, kimlik şüurunun və regional təsirin nümayişinə çevrildi.

Bu oyunların xüsusi diqqət çəkməsinin səbəbi də məhz budur: onlar Türk dünyasının son illərdə qazandığı mədəni özünüdərk, təşkilatlanma və özünəinamın bir təzahürü kimi ortaya çıxdı. Yüzdən artıq ölkədən gəlmiş nümayəndələri bir araya gətirən bu tədbir göstərdi ki, dünya artıq təkqütblü yanaşmalarla idarə olunmur və xalqların tarixi irsi, mədəni identikliyi, ənənəvi dəyərləri yenidən ön plana çıxır. Bu baxımdan Köçəri Oyunları sadəcə idman yarışı deyil, bir sivilizasiya mesajıdır. O mesaj isə bir çox dairələr üçün rahat həzm olunan mesaj deyil.

Bu yarışların arxasında böyüyən bir Türk dünyası - öz tarixi kimliklərini, subyektliyini bərpa edən və getdikcə Moskvaya daha az ehtiyac duyan xalqların məkanı aydın görünür. Rusiyalı ekspertlər bunu Kremlin masası üzərindəki rus imperiya modelinə qarşı mədəni bir çağırış kimi, alternativ seçim kimi qiymətləndirirlər. Bu da təbiidir - axı ruslar həmişə düşmən axtarırlar...

İmperiya düşüncəsindən qopa bilməyən bəzi rusiyalı “ekspert” və təbliğatçıların münasibətində əsas narahatlıq yalnız idman deyil. Əsas narahatlıq Türk dünyasının artıq yalnız tarixi bir xatirə deyil, canlı və fəal bir geosiyasi reallıq olmasıdır. Bu reallıq isə Moskvanın uzun illər bölgəyə tətbiq etməyə çalışdığı Kreml mərkəzli təsəvvürlərlə ziddiyyət təşkil edir.

Həmçinin Rusiyanın qeyri-rus yerli xalqlarına məxsus bəzi ictimai fiqurların da bu mövzuya mənfi reaksiyası təsadüfi görünmür. Çünki Köçəri Oyunları onların baxışında təkcə yarış meydanı deyil, həm də öz müqəddəratını müəyyən edən, öz mədəni sərhədlərini yenidən cızan xalqların simvoludur. Bu isə imperiya məntiqinə uyğun gəlmir. İmperiya məntiqi xalqları bir mərkəzdə əritmək istəyir, halbuki Köçəri Oyunları xalqlara öz köklərini, öz dillərini, öz tarixlərini və öz yaddaşlarını daha ucadan ifadə etmək imkanı verir.

Eyni narahatlıq panfarsçı çevrələrdə də özünü göstərdi. Bu dairələr Köçəri Oyunlarının uğurunu sadəcə idman uğuru kimi qəbul etmədi; əksinə, onu mədəni nüfuzun artması, türk dünyasının özünü təsdiqləməsi və bölgədə alternativ kimlik modelinin güclənməsi kimi oxudular. Ona görə də oyunun mahiyyətini kiçiltməyə, onun universallığını arxaya keçirməyə və köçərilik anlayışını başqa məcralara yönəltməyə çalışdılar. Halbuki bu cür yanaşmaların arxasında obyektiv analizdən çox, mədəni üstünlük iddiası və gizli narahatlıq dayanır.

Ona görə də VI Ümumdünya Köçəri Oyunlarının başgicəlləndirici uğuru fars şovinistlərini də özündən çıxarıb. Panfarsçılar bu Oyunların uğurlu alınmasını asanlıqla həzm edə bilmirlər. Və qısqanclığın, pərtliyin dərəcəsinə baxın ki, panfarsçılar VI Ümumdünya Köçəri Oyunlarının uğuruna kölgə salmaq üçün belə bir məkrli tezis də ortaya atıblar ki, köçəri oyunları təkcə türk xalqlarına aid deyil...

Panfarsçıların bu tezisini erməni millətçiləri də göydə yaxalayaraq köçəri oyunlarının bütün dünya xalqlarının ortaq mirası olduğunu tutuquşu kimi təkrarlamağa başlayıblar.

Ona görə də ən absurd məqam da budur ki, bu dəfə hətta erməni idmançıları da VI Ümumdünya Köçəri Oyunlarına qatıldılar...

Niyə "hətta" deyirəm?

Çünki indiyə qədər bizim hamımız sosial şəbəkələrdəki revanşist ermənilərin "siz azərbaycanlılar köçərisiniz", "Cənubi Qafqaza Altaydan gəlmisiniz", "Sizin tarixi irsiniz, oturaq şəhər mədəniyyətiniz ola bilməz" və sair tipli cəfəng rəylərlə çıxış etdiklərini və özlərini isə az qala "ari irqin nümayəndələri" kimi, Avropa sivilizasiyasının bir parçası kimi təqdim etdiklərini dəfələrlə görmüsünüz. Amma buna rəğmən ermənilər zərrə qədər də utanmadan həm VI Ümumdünya Köçəri Oyunlarında iştirak etdilər, həm də oyunlar bitəndən sonra sosial şəbəkələrdə köçəri mədəniyyətinin təkcə türk xalqlarına aid olmadığı diskursunu tirajlamağa başladılar.

Beləliklə, dünənə qədər köçəriliyi israrla aşağılayan erməni toplumunun idman təmsilçiləri praktikada həmin köçəri irsin bir parçası olan tədbirə qatılmaqdan çəkinmədilər. Bu isə ideoloji iddia ilə real davranış arasındakı uçurumu açıq şəkildə göstərir. Söz başqa, davranış başqadır. Məna başqa, maraq başqadır. Və bu ikiüzlülük bir daha sübut edir ki, məsələ nə tarixdir, nə də elmi mübahisə — məsələ sadəcə siyasi münasibət və kimlik üzərində manipulyasiyadır.

Absurdun dərəcəsini, qırmızılığın və həyasızlığın miqyassızlığını görürsünüz də?

Ermənilərin bu cür ikiüzlülüyü heç bir normal məntiq çərçivələrinə sığmır. Daha doğrusu, bu yerdə normal məntiq rəsmən error verir.

Erməni absurdluğu azmış kimi, bizim bəzi türkəfob əhval-ruhiyyəli vətəndaşlarımız da yazır ki, "köçərilik təkcə türklərin deyil, bəşəriyyətin mədəniyyətidir. Ermənistanın iştirakı normaldır. Bizdə belə bir yanlış təsəvvür yaranıb ki, guya köçəri yalnız türkdilli xalqlar olub. Bu, böyük haqsızlıqdır. Dünyada türklərdən başqa köçəri olmayıb ki?"... (sitatın sonu)

Siz bu sitatdakı qərəzin, məkrin, türkəfobiyanın rusların, farsların, ermənilərin köçəri oyunlarına qarşı neqativ yanaşması ilə sinxronluğunu, eyniliyini hiss edirsinizmi? Deməli, bir daha aydın olur ki, Türk dünyasına qarşı bütün bu hücumlar, basqılar, əks-təbliğatlar, qarayaxmalar - hamısı eyni mərkəzlərdən qaynaqlanır. Diqqət yetirdikdə görünür ki, bu cür mövqelərin hamısı eyni məqsədə xidmət edir: Türk mədəniyyətinin xüsusi tarixi statusunu və birləşdirici mədəni mərkəz rolunu kölgədə qoymaq.

Bu, çox önəmli məqamdır və biz bunu diqqətdə saxlamalıyıq.

Görünən budur ki, Türk dünyasına qarşı aparılan informasiya, ideoloji və mədəni təzyiqlər təsadüfi deyil. Onlar müxtəlif dillərdə, müxtəlif ölkələrdən və müxtəlif adlarla səsləndirilsə də, çox vaxt eyni qorxudan qidalanır: Türk birliyinin güclənməsi qorxusu. Köçəri Oyunlarının doğurduğu rezonans da məhz bu qorxunun nə qədər dərin olduğunu üzə çıxardı. Çünki bu tədbir sübut etdi ki, türk xalqları yalnız tarixdə deyil, bu gün də mədəni dəyər istehsal edən, özünü təqdim edən və qlobal diqqət çəkən subyektlərdir.

Bu mənada VI Ümumdünya Köçəri Oyunları sadəcə bir yarış deyil, həm də gələcək üçün bir siqnaldır. O göstərdi ki, təşkilatlanmış, öz tarixinə, soykökünə bağlı və özünü inamla təqdim edən Türk dünyası artıq regionda yalnız müşahidə olunan yox, həm də təsir yaradan bir gücdür. Məhz buna görə də bu tədbir müxtəlif dairələrdə bu qədər ciddi narahatlıq doğurur. Çünki oyunlar bitə bilər, amma onların yaratdığı mənzərə və təsir isə qalır. Və həmin mənzərə təkcə idman uğurunu deyil, kimlik uğurunu da ehtiva edir.

P.S. Yeri gəlmişkən, VI Ümumdünya Köçəri Oyunları çox möhtəşəm təşkil olunmuşdu. Bəzi əyər-əskikləri, xırda nöqsanları nəzərə almasaq, təşkilatçılıq həqiqətən də çox yüksək səviyyədə idi. Bu oyunlar Qazaxıstanın sıx dəstəyilə o qədər uğurlu alındı ki, etiraf edək ki, bundan əvvəlki Köçəri Oyunları heç bu qədər effektli olmamış və belə gur rezonans doğurmamışdı. Bu da göstərdi ki, düzgün konsepsiya, siyasi iradə və mədəni özünüdərk birləşəndə nəticə də fərqli olur. Gələcəkdə doğma Azərbaycanımızın da Ümumdünya Köçəri Oyunlarına ən yüksək səviyyədə uğurla ev sahibliyi edəcəyinə inanırıq. Çünki Azərbaycanın artıq bu cür böyük mədəni və beynəlxalq layihələri layiqincə həyata keçirmək təsrübəsi var.

P.P.S. Bir təzadlı faktı da nəzərinizə çatdırım: rusların və Rusiyanın Şimal Qafqaz bölgəsindən olan antitürkçülərin Köçəri Oyunlarına neqativ münasibətinə baxmayaraq, 2028-ci ildə Dünya Köçəri Oyunlarına məhz Rusiya ev sahibliyi edəcək. Dünya Köçəri Oyunları özünün növbəti fəslini Rusiyanın Tatarıstan Respublikasında açacaq.

Bəybala Mirzəyev

visiontv.az