Fateh Sultan Mehmed kimdir? II Mehmed və ya Fateh Sultan Mehmed 30 mart 1432-ci ildə Sultan II. Muradın dördüncü oğlu olaraq Ədirnə şəhərində doğulub. 8 yaşında Saruhan Sancaqbəyi olub. Böyük qardaşlarının erkən yaşda vəfat etməsi ilə taxtın yeganə varisi oldu. Çətinliklə də olsa güclü təhsilə tabe tutulmuşdu. Onun ərəb və fars dilləri ilə yanaşı latın, yunan və italyan dilini bilməsi bu dövrdəki münasibətlərinə əsaslanır.

1444-cü ildə II. Murad taxtını öz istəyi ilə oğlu Mehmedə vermişdi. Ancaq Ədirnədə idarənin zəifləməsi ilə birlikdə, iki il sonra - 1446-cı ildə vəziri Xəlil Paşanın da təkidləri ilə taxtına geri qayıtdı. Xəlil Paşa yeniçəri üsyanı təşkil edərək Mehmed və tərəfdarlarını hakimiyyətdən uzaqlaşdırdı. Muradın taxta geri qayıtmasından sonra Mehmed də Manisaya qayıtdı.
Atası II. Murad öldükdən sonra 1451-ci ildə Ədirnədə ikinci dəfə taxta çıxdı. Daha sonra atasının İsfəndiyaroğulları bəyinin qızından olan səkkiz aylıq oğlu Əhməd Çələbini boğdurdu. Mehmedin məqsədi Dunayın cənubundakı Balkan torpaqlarını və Fəratın qərbindəki Anadolu torpaqlarını alaraq babası İldırım Bəyazidin də qurmaq istədiyi mərkəzçi imperatorluq yaratmaq idi. Lakin Bəyaziddən fərqli olaraq bunu etmək üçün əvvəlcə Konstantinopolu götürməli olduğunu düşünürdü. Digər tərəfdən, həm qərbdə, həm də Şərqi Romada yeni sultan gənc yaşına və təcrübəsizliyinə görə əvvəlcə əhəmiyyətli bir təhlükə kimi qəbul edilmirdi.
Şərqi Roma İmparatoru Konstantin onlara əsir verilən Süleyman Çələbinin nəvəsi Şahzadə Orxan üçün verilən müavinət iki qatına qaldırılmasa, Orxanın Osmanlı taxtına iddia etməsinə icazə verəcəyi ilə Mehmedi təhdid edirdi. Mehmed isə Orxan üçün ayrılmış gəlirləri ələ keçirdi və Konstantinopolun mühasirəyə alınması əmrini verdi.
Döyüş hazırlıqlarına 1451-ci ildə başlayan Mehmed 1452-ci ildə Rumeli Hasarını tikdirdi. Beləliklə, Boğazın idarəsi Osmanlıların əlinə keçdi. Boğazdan keçəcək gəmilər bundan sonra keçid üçün pul ödəməli idilər. Əks təqdirdə, gəmilər top atəşi ilə batırılacaqdı.
Osmanlı ordusundakı əsgər sayı ən azı 50 min idi. Bundan əlavə, Mehmed yalnız qurudan hücumun kifayət etməyəcəyini düşünərək bir donanma hazırlamışdı. Osmanlı ordusu 23 martda Ədirnədən yola düşdü və 2 apreldə Konstantinopola gəldi. Elə həmin gün Haliçin girişi zəncirlə bağlandı. Qərargahını Maltəpədə Romanus qapısı qarşısında quran Mehmed son dəfə təslim olmağa çağırdı, lakin imperator bundan imtina etdi. İlk hücum 6 aprel səhəri başladı. Mühasirə fasilələrlə davam edən döyüşlərlə 53 gün davam etdi.
Donanmasını bir şəkildə Haliçə yerləşdirməli olduğunu görən Mehmed tarixi həmlə ilə gəmiləri qurudan keçirtmək göstərişini verdi. Təxminən 70 gəmi Haliçə silindrlərlə endirild. Beləliklə, Haliçin idarəsi Osmanlılara keçdi. Mayın 29-unda Mehmed əsl böyük hücuma başlama əmrini verdi. İlk iki saat Başıbozuklar adlanan könüllü dəstəsi qala divarlarına hücum etdilər. Ardından Anadolu birlikləri onların mövqeyini tutdu. Son olaraq öldürücü zərbəni vurmaq üzrə yeniçərilər hərəkətə keçdi. Nəhayət, səhər saatlarında Osmanlı əsgərləri Kerkoporta adlanan qapıdan içəri girməyi bacardılar və qapının üstünə Osmanlı sancağını vurdular. Beləliklə, 1480 il hökm sürmüş Roma İmperatorluğunun sonu Fateh Sultan Mehmed tərəfindən qoyuldu. Bu hadisə bir dövrün sonu, yeni bir dövrün isə başlanğıcı sayılır.
Mehmed fəthin ilk günü şəhərə daxil oldu. Ayasofyaya gedərək orada namaz qıldı. Və bundan sonra taxtının İstanbul olduğunu elan etdi. Bu fəthi Məhəmməd Peyğəmbər hədislərindən birində müjdələyib : "Konstantinopol əlbət fəth ediləcəkdir. Onu fəth edən komandir nə gözəl komandir, onu fəth edən ordu nə gözəl ordudur."
Bu fəthlə kifayətləyənməyən Mehmed Serbiya, Bosniya, Trabzon krallığı, Krım xanlığı və başqa bir çox dövlətləri özünə tabe edərək Osmanlı torpaqlarına qatıb. Fateh 1481-ci ildə Anadoluya doğru yeni bir səfərə çıxdı. Ancaq səfərin əvvəlində xəstələndi. İstanbulu fəth edən, “Yeni dövr açan padşah" adını qazanan, Osmanlı imperatorluğun 7-ci sultanı Fateh Sultan Mehmet 1481-ci ilin bu günü 49 yaşında dünyadan köçüb.
Onun ölərkən üzərində olan paltarı, eyni zamanda İstanbulun fəthi zamanı istifadə etdiyi qılıncı Topqapı Sarayında sərgilənir.
Bünyamin Bünyadzadə
Visiontv.az