İranlı ekspert Urmiyə gölünün durumunu "kövrək" qiymətləndirib
26.06.2024

Son həftələr yağan yağışlara və Urmiyə gölündə suyun həcminin artmasına baxmayaraq, Urmiyə gölünün vəziyyəti hələ də qeyri-sabit və “çox kövrəkdir”.

Urmiyə gölünün vəziyyəti ilə bağlı söhbətində ekoloq və bataqlıq ekosistemləri üzrə mütəxəssis Əli Ərvahi İLNA xəbər agentliyinə bildirib ki, "Builki yağış normaya yaxın olsa da, Urmiyə gölü çox kövrək vəziyyətdədir."

Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Əli Səlaciqə, iki gün əvvəl keçirilən mətbuat konfransında Urmiyə gölünün su həcmini 2 milyard 800 milyon kubmetr olaraq açıqlamışdı.

Səlaciqə həmin konfransda, İbrahim Rəisinin 3 illik hökuməti dövründə Urmiyə gölünü canlandırmaq üçün "strateji tədbirlər" görüldüyünü və "artıq Urmiyə gölünün ölkə xəritəsindən çıxarılmayacağını" iddia edib.

Urmiyə gölünün ekoloji səviyyəsinə çatması üçün cəmi 13 milyard kubmetr suya ehtiyac olduğu bildirilir. Səlaciqənin göldəki su həcmi ilə bağlı açıqladığı rəqəmə əsasən, ekoloji səviyyəyə çatmaq üçün gölün yatağına 10 milyard kubmetrdən çox su daxil olmalıdır.

Mütəxəssislər, göl hövzəsində çəkilən bəndlərin su kvotasının miqdarını və su ötürmə layihələri ilə gölə daxil olan su həcmini olduqca yetərsiz qiymətləndirirlər.

visiontv.az