Mayın 18-nə aid peyk görüntüləri göstərir ki, İranın Qəzvin vilayətində yerləşən Abyek yeraltı raket bazasının beş girişindən dördü artıq tam təmizlənib. Beşinci giriş isə qismən açılıb.
Bu obyekt ABŞ və İsrailin hava kampaniyası zamanı məqsədli şəkildə vurulmuşdu. Hədəf raketləri və texnikanı yeraltı tunellərdə “kilidləmək”, İranın cavab imkanlarını zəiflətmək idi.
Lakin son vəziyyət fərqli mənzərə yaradır. ABŞ kəşfiyyat qiymətləndirmələrinə görə, Tehran artıq yeraltı raket infrastrukturunun təxminən 90 faizinə çıxışı bərpa edib.
Bu rəqəm mühüm siqnaldır. Çünki İranın əsas strateji üstünlüklərindən biri məhz geniş yeraltı raket şəbəkəsidir — dağıdılması çətin, gizli və uzunmüddətli müharibə şəraitinə hesablanmış sistem. ABŞ-İsrail zərbələrinin ilkin mərhələdə ciddi effekt yaratmasına baxmayaraq, Tehran infrastrukturun operativ bərpası ilə göstərir ki, onun raket potensialını tam iflic etmək düşündüyündən daha mürəkkəbdir.
Abyek bazası ətrafındakı son görüntülər də bunu təsdiqləyir: İran təkcə dağıntıları təmizləmir, həm də strateji çəkindirmə qabiliyyətini mümkün qədər tez bərpa etməyə çalışır.
Bu isə bölgədə hərbi balansın hələ də yüksək risk zonasında qaldığını göstərir.
visiontv.az