İran 10 ildir saxladığı ABŞ rezidentini azad edib
21.05.2026

2016-cı ildən bəri İranda həbsdə saxlanılan ABŞ rezidenti, iranlı Şahab Dəlili azadlığa buraxılıb və artıq ailəsinə qovuşub.

Bu barədə girovların və haqsız yerə həbs edilən şəxslərin hüquqlarının müdafiəsi ilə məşğul olan "Hostage Aid Worldwide" qeyri-kommersiya təşkilatı məlumat yayıb.

Təşkilatın mayın 19-da "X" sosial şəbəkəsində etdiyi paylaşımda deyilir: "Evin həbsxanasından Yerevana, oradan isə Vaşinqtonadək uzanan uzun səyahətdən sonra Şahab Dəlilinin, nəhayət, İrandakı 10 illik haqsız həbsdən qurtularaq ailəsinə qovuşduğunu sevinclə elan edirik".

2023-cü ildə ABŞ və İran həbsdə olan beş amerikalının mübadiləsi üzrə razılıq əldə etsələr də, Ş.Dəlili həmin siyahıya salınmamışdı Buna səbəb ABŞ Dövlət Departamentinin onu rəsmən "İranda haqsız və ya ədalətsiz saxlanılan şəxs" statusu ilə tanımaması idi.

Ş.Dəlili 2016-cı ildə atasının dəfnində iştirak üçün Tehrana səfər edərkən həbs olunub. O, ABŞ-yə qayıtmaq məqsədilə hava limanına gedərkən İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Ailəsinin bildirdiyinə görə, keçmiş gəmi kapitanı "düşmən hökumətlə əməkdaşlıq" ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

visiontv.az