Hindistan XİN rəhbəri: Azərbaycanla münasibətlərimizi yüksək səviyyəyə qaldıra bilərik
23.10.2026

Mənim Bakıya səfərim Bişkekdə ŞƏT çərçivəsində liderlərimizin görüşünün davamı sayıla bilər.

Bunu Hindistan xarici işlər naziri Subramanyam Cayşankar  Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, müzakirələr münasibətlərin müxtəlif aspektlərinə fokuslanıb: “Bizim əməkdaşlığımızla bağlı Prezident İlham Əliyev xeyli vaxt ayırdı və müzakirələr apardıq. Xalqlarımızın böyük tarixi var, biz bir-birimizə böyük hörmətlə yanaşırıq. Bu da təməl yaradır ki, münasibətlərimizi yüksək səviyyəyə qaldıraq”.

Subramanyam Cayşankar iki ölkə arasında investisiyaların və ticarət əlaqələrini genişləndirmək istədiklərini vurğulayıb.

O qeyd edib ki, Hindistan şirkətləri neft və qaz sektoruna investisiya yatırmağa maraq göstərir: “Bağlantılar qlobal iqtisadiyyatda çox vacibdir və bu gün bu barədə geniş müzakirələr apardıq. Hindistan bu gün beynəlxalq nəqliyyat dəhlizlərinə sərmayələr qoyur. Bu barədə müzakirələrimiz davam edəcək”.

visiontv.az