Həmədanlı sosial media fəalı qeyri-müəyyən vəziyyətdə saxlanılır
10.01.2025

Həmədan əyalətinin Kəbudərahəng şəhərindən olan azərbaycanlı sosial media fəalı Mürtəza Xaki 45 gündür qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

"45 gün əvvəl saxlanılan Mürtəza Xakinin 1 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılması barədə qərar verilməsinə və ailəsinin bu məbləği təmin etməsinə baxmayaraq, müxtəlif bəhanələrlə onun sərbəst buraxılmasına maneçilik törədilir",- mlumatda bildirilib.

Mürtəza Xaki noyabrın 25-də Həmədan əyalətinin Kəbudərahəng şəhərinin təhlükəsizlik idarəsinə çağırıldıqdan sonra saxlanılıb və 3 gün sonra Həmədan şəhərinin həbsxanasına köçürülüb.

O, "islam inqilabının banisi və müqəddəsləri təhqir etmək"də günahlandırılıb.

Qeyd edək ki, Mürtəza Xaki həbs olunmadan əvvəl sosial mediadakı paylaşımlarına görə təzyiqlərlə üzləşib və İran Ali Məhkəməsi sentyabr ayından onun telefon nömrəsi və bank hesabının bağlanması barədə qərar çıxarıb. 

visiontv.az