İran hakimiyyəti tərəfindən davam etdirilən repressiyalar və insan haqlarının geniş şəkildə pozulması fonunda bu gün Almaniyanın Hamburq şəhərində Avropada yaşayan qeyri-fars millətlərdən olan fəallar, o cümlədən Güney Azərbaycan türkləri etiraz aksiyası keçiriblər.
Aksiyada azərbaycanlılar və ərəblər də daxil olmaqla qeyri-fars millətlərin nümayəndələri iştirak edib. Etirazçılar plakat və bannerlərlə İran hakimiyyətinin insanlara qarşı həyata keçirdiyi zorakılıq, qətllər və sistemli ayrı-seçkiliyə etirazlarını bildiriblər.
Aksiya iştirakçıları səsləndirdikləri şüarlarla İran hakimiyyətinin zorakılıq, repressiya və işğalçı siyasətlərinə son qoyulmasını tələb edib, beynəlxalq ictimaiyyətin xüsusilə qeyri-fars millətlərin insan haqları vəziyyətinə diqqət yetirməsinin vacibliyini vurğulayıblar.
Şüarlar
Nə monarxiya, nə rəhbərlik — azadlıq və bərabərlik.
Siyasi məhbuslar azad edilməlidir.
Etirazçılar bildiriblər ki, İran hakimiyyətinin siyasətləri qadınların, uşaqların və vətəndaş fəallarının hüquqlarının kütləvi şəkildə pozulmasına gətirib çıxarıb, eyni zamanda müxtəlif millətlərin kimliyinin və tələblərinin boğulması daxili böhranların daha da dərinləşməsinə səbəb olub.
Təşkilatçıların sözlərinə görə, bu aksiya zülmə məruz qalan insanların səsini Avropa ictimaiyyətinə və beynəlxalq qurumlara çatdırmaq məqsədi daşıyır və repressiyalar dayandırılana, qətllərə görə məsul şəxslər cavab verməyənədək bu cür etirazlar davam etdiriləcək.
Hamburqda qeyri-fars millətlərin etiraz aksiyasından daxil olan görüntülər


visiontv.az