Albert İsakov heç bir başqa resursdan istifadə etmədən, sadəcə, özünün Yutub-kanalı vasitəsilə ermənilərin ən öndə gələn simalarını ifşa etməyə davam edir.
Budur, sıra Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyana da gəlib çatdı. Özünü bütün dünyaya "sülh mələyi" kimi, “super demokrat” kimi sırıyan bu intellektual yırtıcının, irqçi türkəfobun 1993-cü il iyulun 23-də (Ağdamın işğal günü) erməni millətçiləri və “Yerkrapa” terror təşkilatının üzvləri qarşısında prezident qismində çıxışı zamanı etdiyi etiraflar gerçəkdən qan dondurur.
Ter-Petrosyan bu çıxışı “azərbaycanlılarsız Ermənistan" və "azərbaycanlılarsız Qarabağ” planının Ermənistanın dövlət siyasətinin ana xəttini təşkil etdiyini təsdiqləyir.
Tribunadan üzünü zaldakı terrorçulara tutaraq, “qardaşlarım” deyə xitab edən Ter-Petrosyan azərbaycanlıların Ermənistandan qovulmasını böyük uğur aslandırır və Ermənistanın yalnız bundan sonra həqiqi müstəqillik qazandığını bildirir. O, 1988-ci ildən etibarən azərbaycanlılara qarşı silahlı hərəkata başladıqlarını və qətliamlar həyata keçirdiklərini təsdiqləyir və bildirir ki, həmin “hərəkata başlamasaydıq, ümumiyyətlə, Qarabağ məsələsi olmayacaqdı”.
Sitat:
“Bizim ən böyük xoşbəxtliyimiz odur ki, biz milislərimizin işini təşkil etdik. Yaradılan silahlı dəstələr ordumuzun dayağı oldu. Beləliklə, biz hələ Ermənistan və Azərbaycan müstəqillik əldə etməmişdən əvvəl çox böyük təcrübə qazanmışdıq. Bu hərəkat sayəsində Ermənistan və Qarabağ başqa millətlərdən (azərbaycanlılar nəzərdə tutulur) tamamilə təmizlənib. Biz 3 məsələni həll etdik: birincisi, 600 ildir erməni xalqının bacarmadığını həyata keçirdik - bütün Ermənistanı və Qarabağı digər millətlərdən tamamilə təmizlədik. Bunun nəticələrini və əhəmiyyətini erməni xalqı bundan 600 il sonra da hiss edəcək”.
Ermənistanın eks-prezidenti həmin çıxışında Ermənistandan zorla qovulmuş yüz minlərlə azərbaycanlını xatırladaraq, Qərbi azərbaycanlıların Ermənistandakı mövcudluğunu Ermənistanın gələcəyi üçün potensial təhlükə mənbəyi kimi qiymətləndirir: “Təsəvvür edin, indi onlar Ermənistandadır. O halda bizim dövlətimiz olmayacaqdı. Biz onda Ermənistanın şimal-şərq rayonlarını, Sevanı (Göyçəni) müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdi - Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyada. Onlar Zəngəzur mahalında da böyük üstünlük təşkil edirdilər. Nə yaxşı ki, bu problem vaxtında həll olundu. Bu, bizə göydən hədiyyə kimi gəlmədi.
Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi etdi. Qarabağda da (Ter-Petrosyan "Artsax" deyir) belədir. Bu gün Qarabağın bütün ərazisi və ətraf yerlər də ermənilərin əlindədir. Bir şad xəbəri sizə çatdırmağı özümə borc bilirəm. Bu gün Ağdam şəhəri bizim əlimizə keçdi”.
Ter-Petrosyan həmin dövrdə əldə etdikləri ikinci uğur qismində Azərbaycandan ermənilərin köçürülməsini göstərir: “Əgər onlar Azərbaycanda qalsaydı, Bakının əlində Ermənistana təzyiq vasitəsinə çevriləcəkdilər. Birdəki, 300 min erməni Ermənistana gəlməklə demoqrafik problem də həll olundu, əhalimizin sayı artdı”.
Bu iblis siyasətçi üçüncü uğur qismində isə “siyasi və hərbi fəaliyyəti birləşdirdiklərini və hərbi baxımdan ideal iş gördüklərini” qeyd edir. Bu da dolayısı yolla Xocalı soyqırımının törədilməsi və rayonlarımızın işğalının təsdiqi deməkdir. Beləliklə, Ter-Petrosyan Ermənistanda azərbaycanlıların çoxluq təşkil etməsinin Ermənistan üçün təhdid olduğunu, həmçinin Zəngəzurda və Qarabağda aparılan etnik təmizləmədə silahlı birliklərin rolunu açıq şəkildə etiraf edir.
Albert İsakovun bu ifşa videosu ilə biz nəinki L.Ter-Petrosyanın özünü, hətta bütün keçmiş və indiki Ermənistan rəhbərlərini də sözün gerçək mənasında divara dirəyə, Ermənistan dövlətindən hesab sora bilərik.
Bu ifşa tam da zamanında gerçəkləşdi.
Bəybala Mirzəyev
visiontv.az