Əfqanıstandakı Taliban rejimi ilə Pakistan arasındakı sərhəd gərginliyi 2024-cü ilin son günlərində rəsmi olaraq münaqişəyə çevrilib. Toqquşmalar dekabrın 21-də Pakistan Talibanı kimi tanınan Təhrik-i Taliban qruplaşmasının Pakistan ordusunun sərhəd bölgəsindəki mövqelərinə silsilə hücumları ilə başlayıb. Pakistanın buna cavabı Əfqanıstandakı Təhrik-i Taliban qruplaşmasının bazalarını havadan bombalamaq olub. Pakistanın bu hava hücumu Kabildəki Taliban rejimini səfərbər edib.
Taliban rejimi rəsmi olaraq Pakistanı dinc əhaliyə atəş açmaqda ittiham edib və buna cavab verəcəyini bəyan edib. Əfqanıstan və Pakistan arasındakı bu gərginlik ilk baxışda təəccüblü görünə bilər. Çünki Talibanın Pakistan kəşfiyyatı tərəfindən yaradıldığını bilməyən yoxdur. Üstəlik, Pakistanın qurub-yaratdığı Taliban iki ölkə arasında “Durand xətti” kimi tanınan sərhədi müzakirəyə açmış kimi görünür. Əfqanıstandakı Taliban rejiminin sözçülərindən olan İnayətullah Xvarəzmi Pakistanın havadan bombardmanını “Əfqan ərazisinə qarşı təşkil edilmiş hücum” kimi qiymətləndirib və buna cavab veriləcəyini bildirib.
O, Əfqanıstan və Pakistan arasında sərhədi təşkil edən Durand xəttini də hipotetik bir xətt kimi qiymətləndirərək, “Biz o hipotetik xəttin digər tərəfini Pakistan ərazisi kimi görmürük” deyib. Durand xətti 1893-cü ildə Pakistan və Hindistanın Britaniya müstəmləkəsi olduğu dövrdə Hindistanda müstəmləkə administrasiyasının Xarici İşlər Naziri olmuş ser Henri Mortimer Durand tərəfindən yaradıldığı üçün onun adını daşıyır. Lakin o vaxtdan bəri Əfqanıstanda heç bir administrasiya bu sərhəd xəttini rəsmən qəbul etməyib. Göründüyü kimi, Kabildə hakimiyyətdə olan Taliban rejimi müstəmləkəçilik dövründən miras qalan bu sərhəd xəttini tanımamaqda qərarlıdır.
Hazırda Yaxın Şərqdə Britaniya və Fransanın müstəmləkəçilik dövründən qalma sərhədlər bir-birinin ardınca dəyişdiyi bir vaxtda Asiyada da oxşar proses başlanmaq üzrədir.
PƏRDƏ ARXASINDA ABŞ vs ÇİN SAVAŞI GEDİR...
Əfqanıstan-Pakistan gərginliyi ilə son bir ayda Suriyada baş verənlər arasında digər oxşarlıq da odur ki, hər iki məsələdə qonşu dövlətlər və qlobal aktyorlar fəal rol oynayırlar, dənizə bağlı bir ölkə olan Əfqanıstan Pakistanın havadan endirdiyi zərbələrindən sonra ticarəti İrana keçirməyə başladı. Əfqanıstanın daha əvvəl qlobal ticarət üçün istifadə etdiyi Pakistanın Kəraçi limanından imtina edərək, İranın Bəndər Abbas və Çabahar limanlarına üz tutmağa başlayıb. İranın Bəndər Abbas limanı Çinin Əfqanıstana mal satmaq üçün istifadə etdiyi əsas liman kimi də diqqət çəkir. Eyni liman Hindistan və Rusiya arasında ticarətdə və Çinin Orta Asiya ilə ticarətində əsas rol oynayır. Çini Qırğızıstan üzərindən Özbəkistana birləşdirəcək dəmir yolu layihəsinin tikinti prosesinə eyni vaxtda başlamaq qərarını “təsadüf” kimi qələmə vermək mümkün deyil. Dekabrın son həftəsində Çini Özbəkistan üzərindən Əfqanıstana birləşdirəcək dəmir yolu layihəsinə rəsmən start verilib. Əfqanıstanın Çinin də sıx istifadə etdiyi İranın Bəndər Abbas limanına çıxışı artdıqda, Hindistan və Çin arasında "ticarət yolu" əldə edirsiniz. Bütün bunları bir araya gətirəndə Əfqanıstan və Pakistan arasındakı münaqişələri Qərblə Çin-Rusiya-İran üçlüyü arasında qlobal güc mübarizəsindən ayırmaq çətindir.
Pərviz Əliyev
visiontv.az