Fransada muzeydən oğurlanan qızıl sikkələr Rusiyada aşkarlandı
28.04.2026

Rusiya Federal Gömrük Xidmətinin (FGX) əməkdaşları Fransanın Sen-Remi dövlət muzeyindən 53 milyon rubl dəyərində (təqribən 1.2 milyon manat - red.) qızıl sikkələr kolleksiyasını oğurlayan Fransa vətəndaşının əməlini ifşa ediblər.

 Bu barədə Federal Gömrük  Xidməti məlumat yayıb. Bildirilib ki, 29 yaşlı Fransa vətəndaşı  Antoni Kastelayn tarixi muzeyin işçisi olub. O, vəzifə səlahiyyətlərindən istifadə edərək muzey eksponatlarının bir hissəsini - Roma imperiyası və III Napoleonun hakimiyyəti dövrünə aid qızıl sikkələri oğurlayaraq qanunsuz yolla Rusiyaya gətirib.

Qeyd olunur ki, 2023-2024-cü illərdə hadisəni törədən şəxs dəfələrlə  Moskvaya gəlib və gömrük nəzarətindən maneəsiz keçmək üçün oğurlanmış sikkələri pul kisəsinin xırda pul bölməsində gizlədərək onları avrosentlərlə qarışdırıb. O, paytaxtda qiymətli əşyaları müxtəlif numizmatik təşkilatlara, eləcə də şəxsi kolleksiyaçılara satıb.

Daha sonra İnterpol oğurlanmış qızıl sikkələrin axtarışı ilə bağlı bildiriş yayıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təsvirə uyğun gələn 79 əşya aşkar edilərək götürülüb. Ekspertiza onların 78-nin orijinal və mədəni sərvət olduğunu, bir sikkənin isə surət olduğunu göstərib.

Artıq hadisə ilə bağlı cinayət işi açılıb.

visiontv.az