Eyni bezin qırağı: Paris və Tehran bir-birinə insan haqlarını pozmaqda ittiham edir
Eyni bezin qırağı: Paris və Tehran bir-birinə insan haqlarını pozmaqda ittiham edir
07.10.2026 Şöhrət El-Dəniz Tərəfindən

Dünya tarixində bu qədər gülməli və paradoks diplomatik səhnə az olub.

Təsəvvür edin ki, özünü dünyanın vicdanı, insan hüquqlarının vətəni sayan, “Liberte, Egalite, Fraternite” şüarı ilə yaşayan Paris, dünyəvi Azərbaycanı "siz dindarları sıxışdırırsınız, insan haqlarını pozursunuz" deyə ittiham edir. 50 ildir qadını baş örtüsünə görə öldürən, həbs edib zorlayan, etirazçı tələbələri kranlardan asan, terroru dövlət siyasətinə çevirən İran İslam Respublikası isə eynən Fransanı "siz məktəblilərə qarşı zorakılıq edirsiniz, insan haqlarını pozursunuz" deyə ittiham edir. Və İran, Fransanın Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb nota verir. Bu bir zarafat deyil. Bu, diplomatik reallıqdır. Biz əslində Allahın sevimli bəndəsiyk. Çünki ilin günün bu vaxtında tale bizə diplomatik sirkdə iki kolunun oyununa baxmaq nəsib edib. Maraq üçün bir balaca araşdrıma apardım ki görüm hansı ölkə daha "demokratikdir". Fransada son 10 gündə 1027 liseyi nəzarətə götürüb. Yəni ölkənin yarısı dərsə getmir. 5000-dən çox insan saxlanılıb. Onların 85%-i 15-18 yaşlı uşaqlardır. Direktorun üzərinə benzin tökülür, yanğınsöndürən maşını yandırılır, müəllimin gözü yandırılır və sair. Daxili İşlər naziri Loran Nunes deyir ki, cinayətkar qruplar məktəbdən məktəbə keçir. Yəni dövlət etiraf edir ki, məktəblərə nəzarəti itirib. İranda isə son 4 ildə 22 yaşlı Məhsa Əmini baş örtüsünə görə öldürülür, minlərlə məktəbli qız onun üçün küçəyə çıxır, onların da 90%-i 15-18 yaşlı məktəbli qızlar idi. Fərq nədir? Fransada uşaqlar müəllim üçün, İranda isə uşaqlar baş örtüyünü çıxartmaq istədiyi üçün küşələrə çıxır. İran polisi də 20 mindən çox qız-qadın həbs edir, 500 nəfərini də öldürür. Yüzlərlə qızın isə gözü çıxardılər. İndi də bu iki dövlət bir-birini insan haqlarından dərsi keçir. Paradoks ordadır ki, hər iki ölkə eyni bezin qırağıdır. Sadəcə bezin rəngi fərqlidir. Biri yaşıl, biri göy-ağ-qırmızı. Hər ikisi guyaya ideologiya, biri "fransız dünyəviliyi" ixrac edir, İran da "İslam inqilabı".  Deyir hamı mənim kimi şəriətçi olmalıdır. Yəni biri deyir "hamı açılsın", o biri deyir "hamı örtünsün". Amma ikisi də əmr edir ki, sən mənim dediyimi etməlisən. 
Maraqlıdır ki, hər ikisi də gənclərdən qorxur. Makron hökuməti 15 yaşlı uşağın əlindəki plakata rezin güllə ilə cavab verir. Çünki o uşaq, sistemin çökdüyünü müəllimimiz yoxdur, məktəbimiz dağılır deyir. Xamenei hökuməti də 15 yaşlı qızın əlindəki baş örtüyünə güllə ilə cavab verir. Çünki o qız da sistemin çökdüyünü, azadlığımız, gələcəyimiz yoxdur deyir. Hər iki rejim gəncliyi düşmən görür. Biri onu LFI-nin agenti, o biri onu İsrailin agenti adlandırır. Amma heç biri demir ki, bəlkə problem agentdə yox, bizdədir? 
İranın Fransa səfirini çağırması isə əslində etirafdır. İran deyir ki, ay Fransa, sən də mənim kimisən, sən də uşaqları döyürsən. Fransa isə İrana yox Azərbaycan kimi ölkələrə deyir ki, sən mənim kimi deyilsən, sən dindarları sıxışdırırsan. Hər kəs öz kompleksini başqasında axtarır. Ən gülməlisi isə budur ki, bu iki ölkə bir-birini ittiham edəndə, əslində ikisi də haqlıdır. İranın Fransaya verdiyi nota əslində çox düzgün sənəddir. Orada yazılan hər cümlə doğrudur. Çoxsaylı kobud insan hüquqları pozuntuları qeydə alınıb, 5 mindən çox məktəbli saxlanılıb, zorakılıq tətbiq olunub və sair. Bunu İran yox, Amnesty International desəydi, hamı alqışlayardı. Problem odur ki, bunu deyən İran özü 20 min uşağı həbs edən, öldürən ölkədir. Ona görə də bu gün dünya teatrında ən yaxşı tamaşa Paris-Tehran duetidir. Biri o birinə güzgü tutur və güzgüdə özünü görüb qorxur. Və bu teatrda tamaşaçı kimi Azərbaycan oturub baxır və gülür. Çünki həm Fransanın saxta dünyəviliyindən, həm də İranın saxta dindarlığından eyni dərəcədə bezib. 

Şöhrət El-Dəniz

visiontv.az