“Son 10 il ərzində müəllimlərin keyfiyyətini artıra bilmişik”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsil işçilərinin sentyabr konfransında deyib.
Onun sözlərinə görə, hələlik müəllimlərin hamısı müsabiqə yolu ilə təhsil sisteminə cəlb olunmayıb, yalnız üçdə biri müsabiqə yolu ilə gəlib: “Hər bir müəllim haqqında ümumi məlumat bazası demək olar formalaşdırılıb. Eyni zamanda, müəllimlərin 90 faizdən çoxu sertifikatlaşdırmadan keçib”.
Nazir qeyd edib ki, sertifikatlaşdırmanın nəticələri və görülən işlərin təhsilin keyfiyyətinə təsiri daha sonrakı illərdə özünü göstərəcək.
Emin Əmrullayev vurğulayıb ki, məktəbəqədər təhsilin təhsil nəticələrinə təsiri nəzərə alınaraq, bu istiqamətdə həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin davamlı şəkildə yaxşılaşdırılması vacibdir: “Təhsildə görülən işlərin nəticəsi qısa müddətdə görünmür. 4-5 yaşlı uşağın təhsil nəticəsinin 9-cu sinifdə, təxminən 15 yaşında ölçülməsi üçün 10 ildən artıq vaxt tələb olunur. Bu nəticələrin əmək bazarına təsiri isə daha uzun müddətdən sonra özünü göstərir”.
O əlavə edib ki, bu səbəbdən təhsil siyasətində davamlılıq və eyni istiqamətdə ardıcıl fəaliyyət xüsusilə əhəmiyyətlidir.
visiontv.az