Səhiyyə Nazirliyinin “e-health.gov.az”, Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər dövlət orqanlarının məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olmaqda təqsirləndirilən Cəlil Cəlilov barəsində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, şikayət qismən təmin edilib və Cəlil Cəlilovun cəzası 3 ilə endirilib.
Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, Cavid Dünyamaliyev 5 il və Cəlil Cəlilov 4 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirməyib.
Təqsirləndirilən şəxslər Səhiyyə Nazirliyinin “e-health.gov.az” və Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirdikdən sonra onları sahibliklərində olan xüsusi serverlərə ötürüblər. Daha sonra isə “Telegram” və digər sosial şəbəkələrdə yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını elan ediblər.
Təqsirləndirilən Cavid Dünyamaliyev və Cəlil Cəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Onlara qarşı 271.3-cü (Kompyuter sisteminə qanunsuz daxil olma, ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə), 272.3-cü (Kompyuter məlumatlarını qanunsuz ələ keçirmə, ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə), 273-1.4.2-cü (Kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.