Dərman istehsalı azalıb, istehsalçılar İranı tərk edir
06.01.2025

2024-cü ilin martından sentyabr ayının sonuna kimi əczaçılıq şirkətlərinin istehsalında 18,5% azalmanın ardınca, sentyabrdan buyana da ölkədə dərman istehsalı yenidən kəskin azalıb və dərman istehsalçıları İranı tərk edirlər.

Bu barədə İranın "Hm mihən" qəzeti məlumat yayıb.

"Əczaçılıq sektoru ağac-kağız sektorundan sonra istehsalın azalması baxımından ölkə sənayeləri arasında ən pis vəziyyətdədir",- məlumatda bildirilib.

Nəşrin yazdığına görə, əczaçılıq sənayesinin mütəxəssisləri ödənişlərin gecikməsi və İranda perspektilərinin olmaması səbəbindən yerli şirkətləri tərk etməyə və ya onların bəzi istehsal müəssisələrini qonşu ölkələrə köçürməyə üstünlük veriblər.

Bununla eyni vaxtda İran Qida və Dərman Təşkilatının rəhbəri Mehdi Pirsalehi hökumətin əczaçılıq sənayesinə 33 trilyon, tibbi avadanlıq sənayesinə isə 22 trilyon tüməndən çox borcu olduğunu açıqlayıb.

Dərman istehsalının azalması ilə yanaşı, gömrük statistikasına əsasən, ötən günəş ilində dərman idxalı 13,6% azalaraq 2,3 milyard dollara çatıb.

Cari günəş ilinin birinci yarısında isə ölkəyə cəmi 1,1 milyard dollar dəyərində dərman daxil olub.

visiontv.az