Culfada 4 nəfər ağır ittihamlarla saxlanılıb
20.04.2026

Gunaz TV-nin məlumatına görə; “Tasnim” xəbər agentliyi Şərqi Azərbaycan vilayətinin Culfa rayonunun prokuroruna istinadən bildirib ki, “iki xarici vətəndaş” “peyk internet avadanlıqlarını (Starlink) ölkəyə gətirmək” ittihamı ilə saxlanılıb.

Bu məhkəmə rəsmisi həmin şəxslərin milliyyətini açıqlamadan ümumilikdə 4 nəfərin saxlanıldığını qeyd edib və iddia edib ki, onlar “ABŞ və sionist rejimə bağlı şəbəkələrlə informasiya əməkdaşlığı”nda ittiham olunurlar.

Məlumata əsasən, saxlanılanlardan əlavə iki nəfər də İran vətəndaşıdır və rəsmi qurumların iddiasına görə, ölkə daxilindən “xarici peyk şəbəkələrinə məlumat ötürüblər”.

Bu xəbər ABŞ və İsrailin İrana qarşı hücumlarının başlanmasından sonra dövlət mediasında hər gün “vətən xaini”, “casus” və “xəyanətkar” ittihamları ilə çoxsaylı şəxslərin saxlanılması barədə məlumatların yayıldığı bir dövrdə dərc olunur; bu şəxslərin kimliyi və məhkəmə prosesinin necə aparıldığı isə əksər hallarda açıqlanmır.

Belə bir şəraitdə saxlanılanların kimliyi, vəkilə çıxış imkanları və məhkəmə prosesinin şəffaflığı ilə bağlı məlumatların olmaması insan haqlarının pozulması və bu cür ittihamların siyasi alət kimi istifadə edilməsi ilə bağlı narahatlıqları artırır.

visiontv.az