2026-2027-ci tədris ilindən etibarən Bakı Mühəndislik Universiteti (BMU) və Çinin aparıcı ali təhsil müəssisələrindən olan Pekin Kimya Texnologiya Universitetinin (PKTU) birgə təsis etdiyi PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir.
Universitetdən bildirilib ki, fakültə dünya səviyyəli mühəndis hazırlığını, beynəlxalq akademik əməkdaşlığı və müasir tədris yanaşmalarını özündə birləşdirən təhsil modeli əsasında fəaliyyət göstərəcək. Məqsəd beynəlxalq əmək bazarının tələblərinə cavab verən yüksək ixtisaslı mühəndis kadrları hazırlamaqdır.
2026-2027-ci tədris ili üzrə qəbul kompüter elmləri, kimya, biotexnologiya və mexanika mühəndisliyi ixtisasları üzrə həyata keçiriləcək.
Qeyd olunub ki, PKTU-BMU Mühəndislik fakültəsi universitetlər tərəfindən birgə təsis edilən ilk beynəlxalq akademik fakültədir. Tədris prosesi hər iki universitetin ortaq akademik idarəetmə prinsipləri və beynəlxalq keyfiyyət standartları əsasında təşkil olunacaq.
Fakültədə tətbiq ediləcək 3+1 təhsil modelinə əsasən, tələbələr təhsillərinin ilk üç ilini BMU-da, son ilini isə PKTU-da davam etdirəcəklər. Bu müddətdə onlar beynəlxalq akademik mühitdə təhsil almaq, müasir laboratoriyalarda çalışmaq, elmi-tədqiqat layihələrində iştirak etmək və sənaye təcrübəsi qazanmaq imkanından yararlanacaqlar. Yüksək akademik göstərici nümayiş etdirən tələbələr üçün PKTU-da təqaüdlə təhsil imkanları da nəzərdə tutulur. Təhsilini uğurla başa vuran məzunlara hər iki universitetin diplomu təqdim olunacaq.
Bildirilib ki, tədris proqramları süni intellekt, rəqəmsal transformasiya, yaşıl texnologiyalar və müasir sənaye çağırışları nəzərə alınmaqla hazırlanıb.
Tələbələr həmçinin innovativ laboratoriyalardan, elmi-tədqiqat fəaliyyətindən və beynəlxalq akademik mübadilə proqramlarından yararlana biləcəklər.
2026-cı ildə bakalavriat səviyyəsinə qəbul imtahanlarında iştirak etmiş abituriyentlər ixtisas seçimi mərhələsində PKTU-BMU Mühəndislik fakültəsinin müvafiq ixtisaslarını seçə bilərlər.
visiontv.az