Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, jurnalist, tərcüməçi Bağır Mirqasım oğlu Seyidzadənin diplomatik fəaliyyəti
Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, jurnalist, tərcüməçi Bağır Mirqasım oğlu Seyidzadənin diplomatik fəaliyyəti
24.10.2022 Adıgözəl Məmmədov Tərəfindən

İkinci Dünya müharibəsi başlandıqdan sonra 4 sentyabr 1939-cu ildə İran tərəfindən bitərəflik haqqında bəyanat verilsə də, Hitler Almaniyası ilə bu ölkənin sıx münasibətlər hələ də qalırdı.

1941-ci ilin iyunun 22-də SSRİ ilə Almaniya arasında mü­haribə başladıqdan sonra İngilis və sovet qo­şun­la­rı cənubdan və şimaldan İrana daxil oldu. Rza şah 16 sentyabr 1941-ci ildə hakimiyyətdən uzaqlaşdırıldı və onun ye­rinə oğlu Məhəmməd Rza Pəhləvi keçdi.

Bağırov L.Beriyanın və xarici işlər XK-nın müavini V.N.Deka­nozovun yardımı ilə Stalində, İran azərbaycanlılarına əsaslanaraq Tehran rejiminə qarşı siyasət yeridilməsi barədə fikir yaratmağa müvəffəq ol­du­lar. 1941-ci il sentyabrın 9-da Stalin Bağırova Mosk­va­ya birgünlük gəlmək barədə şifroqrama göndərir. Həmin görüşdə Bağırov öz təkliflər layihəsini Stalinə təqdim edir. Bu təklifə əsasən, Az.K (b) P MK-nın katibi Əziz Əliyev Cənubi Azərbaycana yollanacaq par­tiya qrupunun rəhbəri olacaqdı. Stalin Bağırovun bu layihəsini təs­diq edir.

Məhz bu dövrdə Bağır Seyidzadə respublika komsomolu Mərkəzi Komitəsinin ideologiya üzrə katibi işləyirdi və 1941-ci ildə Əziz Əliyevin başçılıq etdiyi azərbaycanlılardan ibarət böyük bir qrupla birlikdə İrana getdi. Sözügedən qrupa Süleyman Rəhimov, Mehbalı Əmirasla¬nov, Ağa¬səlim Atakişiyev, Mustafa Quliyev, Mirzə İbrahimov daxil edilir. Müəyyən vaxtdan sonra M.Bağırov Əziz Əliyevin qru¬pundan informasiya alır və 1941-ci ilin sonlarına qədər Cənubi Azərbaycandakı vəziyyət barəsində Stalinə məlumat verir. O dövrdə fars dilini bilən azərbaycanlı kadrlarımız çox az idi, ona görə də bəzi tərcümələr çox təhrif olunurdu və bunun da çox ciddi fəsadlarını Əziz Əliyev öz üzərində yaşamışdı. Əziz Əliyevin yerli xalqla görüşü bir qayda olaraq Azərbaycan dilində aparılırdı, Moskvaya göndəriləcək hesabatlar isə daha çox diplomatik korpuslarda çalışan ruslar tərəfindən rus dilində hazırlayırdılar. Bu da bir çox hallarda tərcümə təhriflərinə yol açırdı. Burda həm də qərəz vardı, ona görə ki, Əziz Əliyevlə SSRİ-nin İrandakı səfiri A.Smirnov arasında ciddi fikir ayrılıqları yaranmışdı. Bu fikir ayrılıqları Əziz Əliyevin sovet qarnizonunun rəhbərliyinə məktub yazmasından sonra baş verdi. Həmin məktubda o yerli əhalidən yəni azərbaycanlılardan silahların yığılmasını dayandırmağı tələb edirdi. 
Əziz Əliyev Təbrizə Bakıdan gəlmiş Azərbaycan ziyalılarından bir qismini Təbrizdə “Vətən yolunda” qəzetini çıxarmağa cəlb edir, bir qismini milli məktəblərin  yaradılmasına qoşur, bir qrup azərbaycanlını isə fars dilini mükəmməl öyrənmək üçün Moskvaya diplomatik kurslara yollayır. Bax Moskvaya gedən bu qrupun içində Bağır Seyidzadə də var idi. Moskvada fars dilini mükəmməl öyrəndikdən sonra Bağır Seyidzadə Azərbaycan komsomolu MK-nın ikinci katibi vəzifəsində qalmaqla 1944-cü ildə İrana qayıdır.
Cənubi Azərbaycanda baş verən proseslər ABŞ və İngiltərə tərəfindən diqqətlə izlənirdi. Amerikanlar və ingilislər Təbriz konsulluğunda fəaliyyətlərini gücləndirmişdilər. 1945-ci ilin iyulunda Potsdam şəhərində qalib ölkələrin konfransı keçirildi. Böyük Britaniya nümayəndəsi sovet qoşunlarının İrandan çıxarılması haqqında memorandum təqdim etdi. 21 iyul 1945-ci il tarixdə ingilislər tərəfindən verilmiş memorandumda deyilirdi: “Əlahəzrət hökuməti və Sovet dövləti İngiltərə-Sovet-İran müqaviləsi bağlayıblar və həmin müqavilənin 5-ci bəndinə əsasən Almaniya üzərində qələbədən sonra ən geci 6 ay ərzində İran ərazisini tərk etməlidirlər”.
Məhz bu zaman M.Bağırov İrandakı diplomatik korpusda işləmək üçün Bakıda və respublikada partiya və dövlət işlərində çalışan azərbaycanlı kadrlar sırasından namizədlər irəli sürməyə başlayır. Elə həmin vaxt M.Bağırovun təkidi ilə azərbaycanlılarla bir çox hallarda fikirləri üst-üstə düşməyən SSRİ-nin İrandakı səfiri A.Smirnov Moskvaya geri çağırılır. “Siyasi partiyalar və ictimai hərəkatlar” dövlət arxivində mən M.Bağırov tərəfindən tərtib olunmuş bir sənədə rast gəldim. Bu sənəddə İranda Azərbaycan problemlərinin həll edil-məsi üçün o, diplomatik korpusa azərbaycanlı kadrlar təklif edir. Bu kadrların sırasında Bağır Seyidzadə də var idi. O. Makuda vitse-konsull  vəzifəsinə təklif olunmuşdu. 

Artıq 1945-ci ilin avqustunda SSRİ-nin İrandakı yeni səfiri azərbaycanlı Əhəd Yaqubov olur və ilk səfərini Təbrizə edir. Onun missiyası İran Xalq Partiyasının (“Tudə”) Azərbaycan şöbəsini Demokrat Partiyası ilə birləşdirməkdən ibarət idi. 
Belə bir mühüm və mürəkkəb dövrdə İranda diplomatik fəaliyyət həm ehtiyatlılıq, həm də diplomatik məharət tələb edirdi və burada Bağır Seyidzadənin Makudakı fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Təsadüfi deyil ki, Bağırov kimi çox məlumatlı adam daha çox Bağır Seyidzadənin ona ünvanlanmış arayışlarını daha səhih mənbə kimi qəbul edirdi. Bu baxımdan M.Bağırovun maraqlı teleqramları qalıb: “Təcili Həsənova, Gildinə, Yemelyanova... Yoldaş Mustafayev və Seyidzadənin hazırladıqları hesabat Cənubi Azərbaycan haqqında ümumi icmalın yaradılması üçün böyük əhəmiyyət daşıyır...”
Təbrizə göndərilmiş incəsənət xadimləri və təşviqat qrupları Cənubi Azərbaycanda yaşayan xalqların nümayəndələri ilə görüşür və onlarda milli özünüdərk şüuru formalaşdırırdılar. Məhz həmin dövrdə İran Azərbaycanında ilk dəfə olaraq milli dil haqqında qərar qəbul olundu. 
Məhz bu uğurlu fəaliyyətinə görə Bağır Seyidzadə Təbrizə vitse-konsul göndərilir.
Bağır Seyidzadə Təbriz fəaliyyəti dövründə Cənubi Azərbaycanda Azərbaycan radiosu, Dövlət teatrı, Dövlət universiteti və digər milli mədəniyyət ocaqlarının yaradılmasında birbaşa iştirak etmişdir.

Adıgözəl Məmmədov

 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı 
Qərbi-Kaspi universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi

visiontv.az