Azərbaycan Universitetlərinin müəllimləri Türkiyənin Orta Doğu Texniki Universitetində işgüzar səfərdə olublar
04.04.2022

"Naxçıvan" Universitetinin qalibi olduğu  Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin “İnsan-kompüter interfeysləri” sahəsində təhsil verənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi layihəsi çərçivəsində ölkəmizin 12 universitetindən 17nəfərdən ibarət müəllim  heyəti martın 21-dən 27-dək Türkiyənin OTDU-də səfərdə olublar. Layihənin rəhbəri "Naxçıvan" Universitetinin baş müəllimi Şamil Hümbətov, layihənin eksperti isə ODTU-nin professoru Kürşat Çağıltaydır. 

Gəncə şəhərindən Azərbaycan Texologiya Universitetinin dosenti, texnika üzrə fəlsəfə doktoru Hüseyn Azər Sədrəddin oğlu və Azərbaycan Dövlət Aqrar Universitetinin assistenti Məmmədova Sima Kəmaləddin qızı layihədə iştirak ediblər. 

Layihənin məqsədi “İnsan-Kompüter İnterfeysləri” fənnini tədris edəcək potensial müəllimləri seçmək və fənnin tədris proqramını və dərs kitabını hazırlamaqdır.

Layihə  3 moduldan ibarət idi, iştirak edənlər 2 modul  üzrə verilən tapşırıqları yerinə yetirdikdən sonra, 100 ballıq sistemlə qiymətləndirilib. Ortalama balı yüksək olan 17 müəllim 3-cü modulda iştirak etmək məqsədilə Türkiyə Respublikasının Ankara şəhərində  yerləşən  Orta Doğu Texniki Universitetinin “İnsan-Kompüter qarşılıqlı əlaqəsi” laboratoriyası ilə tanış olmaq üçün Ankara şəhərinə 6 günlük ezamiyyətə göndərilib.

Səfərin ilk günü, Orta Doğu Texniki Universiteti ilə tanışlıq xarakteri daşıyıb. Prof. Dr. Kürşat Çağıltay, Dr. Serkan Alkan və universitetin beynəlxalq əlaqələr ofisindən Dr. İbrahim Yorgun layihə iştirakçılarını salamlayaraq universitetin tarixi, infrastrukturu, tədqiqat mərkəzləri, texnoparkı, layihələndirmə fabriki, beynəlxalq əməkdaşlığı, qoşulduğu  mübadilə proqramları haqqında məlumat verib, qonaqların suallarını cavablandırıblar. Məlumatlandırma sessiyasının ardından layihənin koordinatoru, "Naxçıvan" Universitetinin baş müəllimi Şamil Hümbətov və iştirakçı universitetlərin əməkdaşları ev sahiblərinə müxtəlif xatirə hədiyyələri təqdim ediblər. Daha sonra layihə iştirakçıları Alpay Karagöz və Görkem Muyanın müşayiəti ilə ODTU İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (Human Computer Interaction - HCI) laboratoriyaları ilə tanış olublar. Burada “Tobii eye tracker- göz izləmə cihazlarının laboratoriya studiyası”nda laboratoriyanın təyinatı, iş prinsipi praktik tapşırıqlarla nümayiş etdirilib.

Universitetin “Bilgisayar və Öğretim Teknolojileri Eğitimi” kafedrasının kompüter laboratoriyasında Serap Yağmurun təqdimatında “Koqnitiv Modelləşdirmə və CogTool - interfeys layihələndirmə sistemi”nin təqdimatı və praktiki icra məşğələsi olub. Daha sonra ODTU “Layihələndirmə Fabriki”ndə (Tasarım Fabrikası) görüşlər keçirilib. Burada fabrikin direktoru Prof. Dr. Arzu Gönenç Sorguç və Dr. Serkan Alkan fabrikin məqsədi, iş mexanizmi haqqında məlumat veriblər, həmçinin “Fənlərarası Layihələndirmə Studiyası”, “Desktop eye tracker” və “Tobii Glass eye tracker Demo” studiyaları haqqında təqdimatlar olub və praktik məşğələlər icra olunub.

Lahiyə çərçivəsində  Orta Doğu Texniki Universitetinin Texnoparkı (Teknokent) ilə tanışlıq olub. Texnoparkda Selin Doğunun təqdimatında iştirakçılara araşdırma mərkəzləri, icra olunan layihələr, rezident şirkətlər, “Teknokent Cozone” haqqında geniş məlumat verilib, təqdimatlar ətrafında müzakirə aparılıb, həmçinin potensial əməkdaşlıq perspektivləri müzakirə olunub. Burada universitet - sənaye əməkdaşlığının real nümunələri ilə yaxından tanış olunub. Daha sonra “Eğitim” fakültəsinin “Lego Laboratoriyası” ziyarət olunub. Burada Dr. Göknur Kaplanın təqdimatında laboratoriyanın təyinatı, həyata keçirilən layihələr, robot, dron texnologiyaları haqqında məlumat verilib.

Layihə iştirakçıları STEM tədrisinin praktiki məşğələsində iştirak edib. GİSAM mərkəzində (Görsel İşitsel Sistemler Araştırma ve Uygulama Merkezi) Prof. Dr. Kürşat Çağıltayın təqdimatında mərkəzin müxtəlif innovativ layihələri, göz hərəkətləri ilə idarə olunan əlil arabaları və oyun proqramları, metoverse təhsil proqramı və tətbiqləri nümayiş etdirilib.

Lahiyənin sonuncu günü “Kompüter mühəndisliyi” kafedrası ziyarət olunub. Kafedra rəhbəri Prof. Dr. Halit Oğuztüzün və Prof. Dr. Ali Hikmet Doğru layihə iştirakçılarına kafedranın fəaliyyəti haqqında məlumat veriblər, ixtisasın tədris planı, semestrlər üzrə paylanması, fənlərdə tədris olunan istiqamətlər, sillabus tərkibləri, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bu görüşdən sonra layihənin eksperti, Prof. Dr. Kürşat Çağıltayın layihə iştirakçıları ilə yekun müzakirəsi baş tutub. Müxtəlif əməkdaşlıq perspektivləri, layihə çərçivəsində  professorun Azərbaycan dilinə tərcümə olunacaq “Teoriden Pratiğe İnsan-Bilgisayar Etkileşimi ve Kullanılabilirlik Mühendisliği” kitabının təqdimatı və insan - kompüter interfeyslərininin araşdırılmasına dair birgə beynəlxalq konfransın keçirilməsi müzakirə olunub, xatirə şəkilləri çəkdirilib.

Visiontv.az
Binnət İsmayılov