Altıncı ildir Qarabağda Novruz: Qürur, ədalət və güc simvolu
19.03.2026

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

Dövlət başçısı Xanoba kəndinin 2023-cü ilin sentyabrında antiterror tədbirləri nəticəsində azad edildiyini xatırladaraq, qısa müddətdə burada genişmiqyaslı tikinti işlərinin aparıldığını vurğulayıb:

"Bu, doğrudan da böyük xoşbəxtlikdir. Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. Birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq. Biz öz milli qürurumuzu bərpa etdik, ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq".

Prezidentin 2021-ci ildən bəri hər il Novruz bayramını Qarabağda qeyd etməsi tarixi zəfərin, ərazi bütövlüyünün və milli qürurun rəmzidir. Bu ənənə, işğaldan azad edilmiş torpaqların əsl sahiblərinin geri dönməsini, bölgədəki genişmiqyaslı bərpa-quruculuq işlərini və Böyük Qayıdışın reallaşdığını dünyaya nümayiş etdirir.

2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra başlayan proses təkcə fiziki infrastrukturun bərpası ilə məhdudlaşmır, burada əsas məqsəd sosial həyatın, iqtisadi fəaliyyətin və demoqrafik balansın bərpasıdır. Məhz bu baxımdan görülən işlər Böyük Qayıdış konsepsiyasının praktik müstəvidə reallaşmasının bariz nümunəsidir.

Prezident İlham Əliyevin çıxışında xüsusi vurğuladığı artıq altıncı ildir ki, Novruz bayramının Qarabağda qeyd olunması simvolik məna daşımaqla yanaşı, siyasi mesaj kimi də diqqət çəkir. Əslində, burada bir neçə paralel xətt müşahidə olunur. Birincisi, Zəfərdən sonra yaranmış yeni reallıqların möhkəmləndirilməsi xəttidir ki, Qarabağda hər il tonqalın qalanması yalnız bayram atributu deyil, dövlətin ərazi üzərində tam nəzarətinin, təhlükəsizliyin təmin olunduğunun və həyatın normallaşdığının vizual ifadəsidir.

İkincisi, milli qürur faktorudur. Prezidentin "Biz öz milli qürurumuzu və ədaləti bərpa etdik" fikri sadəcə cümlə quruluşu deyil, uzun illər işğal altında qalmış ərazilərin azad edilməsi ilə  Azərbaycan cəmiyyətində özünəinamın və dövlətçilik şüurunun güclənməsini əks etdirən faktdır.

Üçüncü mühüm istiqamət isə beynəlxalq mesajdır. Qarabağda keçirilən mərasimlər, aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanı gözü götürməyən xarici qüvvələrə ünvanlanan açıq mesajdır. Ölkəmiz post-münaqişə dövründə yeni reallıq yaradıb, regionun lider dövlətidir və artıq qlobal proseslərdə qəbul edilən söz sahibidir. Bütün bunların fonunda icra edilən Böyük Qayıdış konsepsiyası isə yalnız konseptual yanaşma deyil, konkret nəticələrlə müşayiət olunan dövlət proqramıdır. Kəndlərin, şəhərlərin dirçəldilməsi, kommunikasiya xətlərinin bərpası, yeni yaşayış evlərinin tikintisi bu prosesin geri dönməz xarakter aldığını göstərir. Bu, həm də onu deməyə əsas verir ki, Qarabağ təkcə hərbi-siyasi qələbənin simvolu deyil, həm də qısa zaman kəsiyində sosial-iqtisadi dirçəlişin məkanı, ümidin, dirçəlişin və özünə inamın mərkəzidir. Bu mənzərəni görəndə isə insanın daxilində qarışıq hisslərin yaratdığı təskinlik yaranır: sevinc, qürur və gecikmiş ədalətin verdiyi təntənə.

visiontv.az