ABŞ-nin vergi qurumlarına Prezident Donald Tramp, onun böyük oğulları və "Trump Organization" şirkətinə qarşı yeni məhkəmə işləri açmaq və vergi yoxlamaları aparmaq qadağan olunacaq. Bu qərar, Trampın Daxili Gəlirlər Xidmətinə (IRS) qarşı qaldırdığı 10 milyard dollarlıq məhkəmə iddiasına xitam verən barışıq sazişinin bir hissəsidir.
Bu barədə "Financial Times" nəşri ABŞ Ədliyyə Nazirliyinə istinadən xəbər yayıb.
Baş prokurorun səlahiyyətlərini icra edən Todd Blanş bildirib ki, ABŞ tərəfi iddiaçıların hər birini irəli sürülən bütün tələblərdən azad edir və onlara qarşı hər hansı iddia ilə məhkəməyə müraciət etmək hüququndan birdəfəlik imtina edir.
Ədliyyə Nazirliyinin rəsmi nümayəndəsi isə vurğulayıb ki, IRS-in Trampa qarşı məhkəməyə müraciət etməsini qadağan edən bu qərar yalnız indiyə qədər həyata keçirilmiş vergi yoxlamalarına şamil olunur.
visiontv.az