2 iyun təqvimində nələr var?
2 iyun təqvimində nələr var?
02.06.2023 MEDİA Tərəfindən

Tarixdə bu gün: 2 iyun Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinin 1918-ci il 2 iyun tarixli qərarı ilə ölkədə ilk dəfə olaraq neft sənayesi milliləşdirildi. 1938-ci il iyunun 2-də Azərbaycanda ilk aviasiya qrupu yaradıldı və bununla da respublikanın mülki aviasiyası təşəkkül tapmağa başladı. Azərbaycan prezidentinin 2006-cı il 18 may tarixli fərmanı ilə 2 iyun Azərbaycan Aviasiya İşçilərinin Peşə Bayramı elan edildi.  

2 iyun İtaliya xalqının milli bayramıdır. 1946-cı ilin bu günü İtaliya respublika elan olunub. 1953-cü ilin 2 iyun tarixində Böyük Britaniya və Şimali İrlaniyanın indiki kraliçası 27 yaşlı II Elizavetanın Vestminster sarayında tacqoyma mərasimi keçirildi.

II Yelizaveta (II Elizabeth) 1066-cı ildən bəri Britaniyanın 40-cı monarxıdır. Britaniya Birliyinin üzvü olan daha 16 ölkənin kraliçası sayılan Yelizaveta tarixin ən uzun müddət taxtda oturan 4-cü hökmdarıdır. Ötən əsrin 50-ci illərinin İngiltərə baş naziri Uinston Çörçil və Britaniya kilsəsinin müqavimətinə baxmayaraq, tacqoyma mərasimi ilk dəfə olaraq televiziya ilə nümayiş etdirildi. Məhz bu hadisədən sonra televizorların satışı kütləvi şəkil aldı.

2 iyun 1964-cü ildə Fələstin Azadlıq Təşkilatı quruldu. Təşkilat Fələstin torpaqlarında olan bir çox qrupu bir dam altında topladı. Ən böyük qrup olan “Əl-Fəth”in lideri Yasser Ərəfat təşkilat yarandıqdan 5 il sonra onun perzidenti oldu. 1978-ci il iyunun 2-də erməni terrorçuları Türkiyənin İspaniya səfiri Zeki Kuneralpın dövlət maşınını atəşə tutdular. Silahlı hücum nəticəsində səfirin həyat yoldaşı Necla Kuneralp və təqaüdçü səfir Beşir Balcıoğlu dünyalarını dəyişdilər.

2 iyun 2012-ci ildə Misirin keçmiş prezidenti Hüsnü Mübarək ona qarşı nümayişə qalxan etirazçıların öldürülməsində günahkar bilinərək ömürlük həbs cəzasına məhkum edildi.  

2 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

Məşhur ingilis yazıçısı Tomas Hardi 1840-cı ilin bu günü dünyaya gəlib. O, həyatının böyük bir hissəsini “Xarakter və mühit” silsiləsindən “Yaşıl ağac altında”, “Ağlını itirmiş kütlədən uzaq”, “Vətənə qayıdış” romanalrını yazmağa həsr edib. (1840-1928)

 "Əskiçi və oğulları" (Eskici ve Oğulları), "Xanımın təsərrüfatı” (Hanımın Çiftliği) və "Bərəkətli torpaqlar üçün" (Bereketli Topraklar Üzerine) əsərlərilə adını Türkiyə ədəbiyyatının görkəmli simaları sırasına yazdıran Orhan Kamal (Orhan Kemal) 1970-ci ilin 2 iyununda 66 yaşında vəfat edib. 

Bünyamin Bünyadzadə

Visiontv.az