Trampın Kanada ilə bağlı son bəyanatı: "Mən indicə Kanadanın Baş naziri Mark Karni ilə danışığımı bitirdim. Son dərəcə məhsuldar bir danışıqlar oldu, biz bir çox məsələlərdə həmfikirik və Kanadada qarşıdan gələn seçkilərdən dərhal sonra siyasət, biznes və digər sahələrdə əməkdaşlıq etmək üçün görüşəcəyik. Bu, həm Amerika Birləşmiş Ştatları, həm də Kanada üçün böyük fayda verəcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!"
Ritorika dəyişikliyinə diqqət etdinizmi? Kanada artıq "51-ci ştat" deyil, Baş nazir isə artıq "qızcığaz"(Mask demişdi) deyil. Nə baş verib ki?
3 əsas amili qeyd etməliyik:
- Trampın Kanadaya hücumları liberalların reytinqinin fantastik dərəcədə artmasına səbəb oldu, halbuki seçkilər yaxınlaşır və Tramp bu şəkildə öz düşmənlərinə kömək etmiş oldu (Tramp mühafizəkarları dəstəkləyir).
- Trampın yeni tariflər elan etməsindən sonra Amerika avtomobil nəhənglərinin səhmləri çox ciddi şəkildə endi.
- Yeni Baş nazir Karni ABŞ-a ilk səfərini etmədi, halbuki daha əvvəl hər bir Kanada Baş naziri bunu edirdi. Əksinə, Karni ilk səfərini Avropaya etdi. Kanadanın Avropa ilə yaxınlaşması Trampı da bir qədər düşünməyə vadar edir.
Sonra.
Baş nazir Karni seçkiləri 28 aprelə təyin etdi, halbuki seçkilərin keçirilməsi üçün son müddət oktyabr ayıdır. Niyə?
Trampın Kanadaya qarşı hücumları xalqda vətənpərvərlik hissini oyatdı və liberalların reytinqinin kəskin yüksəltdi. Cəmi iki ay əvvəl mühafizəkarlar liberalları 26 faiz fərqlə qabaqlayırdılar! 26 faiz! Bəs bu gün nə baş verir?
Son sorğu göstərir ki, əgər seçkilər sabah keçirilsəydi, liberallar seçicilərin 38 faiz dəstəyini qazanardı, mühafizəkarlar isə 36 faiz səs toplayardı. Bu nonsensdir! Siyasətdə demək olar ki, belə şeylər heç vaxt baş vermir. Liberallar da, ölkədə yaranmış vətənpərvərlik dalğasından siyasi məqsədlər üçün istifadə etməyə cəhd edirlər. Tramp bunu anladığına görə geri addım atıb, liberallara qazandırdığı "kozırı" əllərindən almaq istəyir.
Kamran Cəfərov
visiontv.az