İranın gizli maliyyə marşrutları ilə bağlı yeni ifşa
26.05.2026

Binance və İran bağlantısı ifşa edildi; Babək Zəncani yenidən gündəmdə.

Gunaz TV-nin məlumatına görə, Wall Street Journal araşdırma hesabatında yazıb ki, son illərdə İranla əlaqəli milyardlarla dollar maliyyə vəsaiti Binance kriptovalyuta birjası və Babək Zəncani ilə əlaqəli şəbəkələr vasitəsilə köçürülüb.

Məlumata görə, bu transferlərin bəzi hallarda SEPAH-la əlaqəli maliyyə şəbəkələrinin maliyyələşdirilməsinə yönəldiyi bildirilir. Eyni zamanda, İranla əlaqəli bəzi dəniz daşımaları sığorta platformalarının bitcoin ödənişlərindən istifadə etdiyi barədə xəbərlər yayılıb.

Hesabata əsasən, yalnız Babək Zəncani ilə əlaqələndirilən bir Binance hesabı vasitəsilə iki il ərzində təxminən 850 milyon dollar köçürülüb və ümumi transfer həcminin 1.7 milyard dollara çatdığı qeyd olunub.

Wall Street Journal yazıb ki, bu vəsaitlərin bir hissəsi SEPAH-la əlaqəli maliyyə şəbəkələrinə yönəlib, digər hissəsi isə İran neftinin çinli alıcılarının ödənişləri ilə bağlı olub.

Qəzetin məlumatına görə, Binance bu hesabları daha əvvəl şübhəli kimi müəyyən etsə də, onların fəaliyyəti aylarla davam edib.

Bu ifşa ABŞ-ın İrana qarşı iqtisadi sanksiyaların daha da sərtləşdirilməsi istiqamətində təzyiqləri artırdığı bir vaxtda yayılıb.

visiontv.az