Xocalı rayonuna mayın 26-da növbəti köç olub.
Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün rayonun beş kəndinə ümumilikdə 29 nəfərdən ibarət doqquz ailə qayıdıb. Köç edən sakinlərə yeni mənzillərinin açarları təqdim olunub.
Köç prosesi çərçivəsində Xanabad kəndinə iki ailə olmaqla doqquz nəfər, Badara kəndinə iki ailə olmaqla dörd nəfər, Ballıca kəndinə bir ailə olmaqla bir nəfər, Təzəbinə kəndinə bir ailə olmaqla üç nəfər, Xanyurdu kəndinə isə üç ailə olmaqla 12 nəfər köçürülüb.
Sakinlər tam bərpa olunan və müasir infrastrukturla təmin edilən evlərində məskunlaşıblar. Köçürülən ailələr dövlətin yaratdığı şəraitdən məmnunluqlarını ifadə edərək, doğma yurdlarına qayıtmağın sevincini yaşadıqlarını bildiriblər. Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində əhalinin mərhələli şəkildə doğma torpaqlarına köçürülməsi davam etdirilir.
visiontv.az