Bütün dünyanın illərdir axtardığı sualın cavabı nəhayət ki, İranda tapılıb. Mollalar bahalıq niyə olur, inflyasiya nədir, dollar niyə qalxır suallarının cavabını müəyyən ediblər.
Demə səbəbkar ABŞ Federal Ehtiyat Sistemi, sanksiyalar, mərkəzi bank, korrupsiya, səmərəsiz idarəetmə yox mələklərmiş. İranın "İslam Mədəniyyəti və Düşüncəsi" üzrə alimi Əhmədəli Yusofi belə bir tarixi kəşfi edib ki, qiymətlər Allahın əlindədir. Allah da qiymətləri təyin etmək üçün mələkləri vəzifələndirib. Vəssalam, bununla da məsələ bağlandı. Sən demə İranda əhali boşuna küçələrə çıxıb çörək niyə bahalaşıb deyə qışqırırmış. Ona görə marketdə pomidorun qiymətini görəndə satıcı ilə mübahisə etməyin, başınızı göyə qaldırıb deyin ki, ay mələk qardaş, insafın olsun, bu pomidoru bir az ucuz elə. Yusofinin məntiqi ilə desək, İranda Mərkəzi Bankın rəhbərini də dəyişib birbaşa Cəbrayıl mələyi təyin etmək lazımdır. İsrafilə də xahiş etmək olar ki, inflyasiyanı bir az aşağı salsın. Alimin ikinci dahi kəşfi daha da maraqlıdır. Deyir ki, güzəştli valyuta ləğv edilməyib, sadəcə məzənnəsi artırılıb. Yəni, sizin cibinizdən oğurlanmayıb, sadəcə pulunuzun dəyəri bir az ilahi toxunuşla azaldılıb. Və sonra İran əhlinə maraqlı bir sual verir: "Bu bir neçə milyardı dolları bizə bəyəm Amerika, İsrail yoxsa NATO göndərmişdi"? İran əhlinin yerinə cavab verə bilərm ki, xeyr, ağayi Yusofi o dollarları sizə Amerika göndərməmişdi. "Mələklər" göndərmişdi. Amma nədənsə mələklər dolları göndərəndə çox baha 100 min tümənə göndərir. Bazara çıxanda da nədənsə 800 min tümən olur. Görünür, göydə də bir "valyuta karteli" var. Nə barmaq edirsə onlar edir. Əslində isə Yusofinin dediyi model çox rahat idarəetmə modelidir. İqtisadiyyat çökürsə, Allahın işidir, qiymətlər qalxdısa, mələklər elədi, xalq acdırsa, ilahi sınaqdır və sair.
Belə idarəetmədə üzərinə qoyulacaq məsuliyyət sahibi də olmur. Hər şey səmada həll olunur. Əslində İran mollaları illərdir bu üsulla yaşayır. Problemi həll edə bilməyəndə, onu müqəddəsləşdir. Bahalığı izah edə bilməyəndə, deyir ki, bahalıq da ibadətdir. Yəni iranlı bir ana bazarda uşağına süd ala bilməyəndə ona demək lazımdır ki, bacı, şikayət etmə, südün qiymətini Mərkəzi Bank yox, mələklər təyin edib. Sən mələklərə qarşı çıxırsan?
Bir az satirik bir azda ironik tonda yazdım. Amma ciddiyə qalsa bu Yusofi və onun kimilərinə bir məsləhətim var. Növbəti dəfə çıxış edəndə, bəlkə mələklərdən xahiş edəsiniz ki, təkcə qiymətləri yox, elə sizin maaşları da onlar təyin etsinlər. Görək onda da "qiymətlər Allahın əlindədir" deyib keçəcəksiniz?
Yox, onda dərhal yadınıza düşəcək ki, iqtisadiyyatın da, valyutanın da, bahalığın da səbəbi yerdədir, göydə yox. Məsuliyyəti daşıyan da mələklər deyil, o kürsüdə oturan mollalardır.
Şöhrət El-Dəniz.
visiontv.az