Makron ölkədə iğtişaşların təkrarlanmasına yol verməyəcəyini deyir
24.10.2026

Fransa prezidenti Emmanuel Makron ötən həftəsonu baş verən iğtişaşların və mağaza talanlarının təkrarlanmasına imkan verməyəcəyini bildirib. "Sarı jiletlilər" hərəkatı isə şənbə günü – oktyabrın 24-də Parisdə irimiqyaslı yürüş keçirmək üçün müraciət edib.

Makron  bəyan edib ki, növbəti etiraz aksiyalarında iğtişaş törətmək istəyənlərin qarşısı qətiyyətlə alınacaq. Baş nazir Sebastyen Lekornü isə həmkarlar ittifaqlarının liderləri ilə görüşüb. Hökumət Fransanın son illərdə üzləşdiyi ən ağır böhranlardan birini yoluna qoymağa çalışır.

"Sarı jiletlilər" (Gilets Jaunes) hərəkatının həmkarlar ittifaqları ilə heç bir əlaqəsi yoxdur, o, sıravi vətəndaşların təşəbbüsü ilə yaranıb. Hərəkatın nümayəndəsi Parisin mərkəzindən – bir neçə gün əvvəl qarət edilən yerlərdən keçəcək yürüşün planını artıq açıqlayıb.

Tələbə təşkilatları da həmin gün etiraz aksiyaları keçirməyə çağırıblar. Onlar təhsilə daha çox sərmayə qoyulmasını tələb edirlər.

Ötən həftəsonu keçirilən nümayişlərdə genişmiqyaslı zorakılıq halları qeydə alınıb. Polis qüvvələrinin iğtişaşları yatırması isə bir neçə saat çəkib.

Makron bildirib ki, 17 oktyabr iğtişaşları barədə ətraflı məlumat almaq üçün sabah kəşfiyyat rəsmiləri, Lekornü və digər nazirlərlə görüşəcək.

"Gələn şənbə şəhər mərkəzlərində iğtişaş törətmək istəyənlərin qarşısı alınacaq", – deyə Makron jurnalistlərə söyləyib.

visiontv.az