“Azərbaycan və Ermənistan arasında baş verən proseslər bizim hamımız üçün yaxşı nümunə və ilham mənbəyidir”.
Bu sözləri BMT-nin Ticarət və İnkişaf konfransının Baş katibi Rebeka Qrinspan deyib.
BMT rəsmisi Orta Dəhlizin qlobal ticarətdə rolunun getdikcə artdığını və bu marşrutun ərsəyə gəlməsində Azərbaycanın mühüm rol oynadığını bildirib.
"Əvvəla, bu yol çox vacibdir, çünki bu gün əsas məsələ məhz əlaqəlilikdir. Biz bunu açıq şəkildə görürük. Məsələn, müharibə səbəbindən ticarət yollarında dar keçid nöqtələri yarananda – hazırda Hörmüz boğazı ətrafında baş verənlər kimi – bütün ticarət və dəyər zəncirləri qırılır. Ona görə də daha çox əlaqəliliyin olması, məsafə fərqini azaltmaq çox önəmlidir. Bu baxımdan Azərbaycan çox mühüm rol oynayır, çünki onun Avropa, Asiya, Xəzər regionu və Qafqaz arasında strateji coğrafi mövqeyi var. Bu səbəbdən Azərbaycanı təqdir etmək lazımdır. Çünki ölkə təkcə dəniz nəqliyyatına deyil, həm də digər ölkələrlə quru nəqliyyat əlaqələrinin inkişafına ciddi investisiya yatırır", - o vurğulayıb.
Azərbaycan və Ermənistan arasında sülh prosesinə toxunan Rebeka Qrinspan sülhün nəqliyyat marşrutunun işləməsi üçün əsas şərt olduğunu qeyd edib: “Bu gün prezidentin Qlobal Bakı Forumu çərçivəsində çıxışında qeyd etdiyi kimi, artıq yeddi aydır ki, sülh dövrü davam edir. Bu, xüsusilə indiki mürəkkəb beynəlxalq şəraitdə qeyd olunmalı və qeyd edilməyə dəyər bir nailiyyətdir. Bu həm də dünya üçün bir ilham mənbəyidir. Çünki hazırda dünyaya daha çox sülh lazımdır".
visiontv.az