Zərğami Hörmüz boğazını “amerikalılar üçün qırğın və cəhənnəm” adlandırdı
08.02.2026

İran rəsmilərinin müharibə yönümlü ritorikasının daha da sərtləşdiyi bir vaxtda, dövlət televiziyasının sabiq rəhbəri və Ali Kiber Məkan Şurasının üzvü Ezzətullah Zərğami Hörmüz boğazının “amerikalılar üçün qırğın və cəhənnəm”ə çevriləcəyini deyərək açıq təhdid səsləndirib. Bu açıqlamalar bölgənin təhlükəsizliyi və Tehranın siyasətinin beynəlxalq nəticələri ilə bağlı narahatlıqları artırıb.

İranın hökumətyönlü mediasının məlumatına görə, Zərğami ABŞ hərbi donanmasının bölgədəki mövcudluğuna toxunaraq, İranın ABŞ-nin bütün maraqlarını hədəf alma gücünə malik olduğunu və hər hansı qarşıdurma halında “ağır cavab” veriləcəyini bildirib. O, SEPAH-ın raket, pilotsuz uçuş aparatları və dəniz qüvvələrini tərifləyərək, faktiki olaraq hərbi toqquşmaya hazır olduqlarını vurğulayıb.

Bu sabiq rəsmi həmçinin ABŞ və İsrailin son müharibədə birbaşa rol oynadığını iddia edib və onların “məğlub olduğunu” bildirib. Sözügedən iddialar isə heç bir müstəqil sübutla dəstəklənməyib.

Zərğami çıxışının digər hissəsində Donald Trampı “ikinci Hitler” adlandırıb və ABŞ siyasətini qlobal sabitliyi pozan amil kimi təqdim edib. Bununla yanaşı, o, İran daxilində gənclər arasında dərin narazılıq və iqtisadi problemlərin mövcudluğunu etiraf etsə də, yaranmış vəziyyətə görə hakimiyyət strukturlarını məsul tutmayıb.

Zərğaminin son açıqlamaları İran hakimiyyətinin təhdid və avantürist siyasətinin açıq nümunəsi kimi qiymətləndirilir; bu siyasətin əsas yükü isə birbaşa İran’da yaşayan insanlar və bölgənin təhlükəsizliyi üzərinə düşür.

visiontv.az