Rusiyanın “xüsusi hərbi əməliyyat” adıyla Ukraynaya qarşı başladığı işğalçı müharibədən 1000 gün keçdi. Bu, iki dövlət arasında müharibə sərhədini aşaraq beynəlxalq aləmin əsas probleminə çevrilib. “Üçüncü dünya müharibəsi” və “nüvə müharibəsi” terminləri adiləşib.
Ukrayna Xarici İşlər Nazirliyi müharibənin 1000 gününü geridə qoymasıyla bağlı yaydığı bəyanatda İkinci Dünya Müharibəsindən sonra Avropa qitəsində Rusiyanın başlatdığı ən irimiqyaslı təcavüzkar müharibənin beynəlxalq təhlükəsizlik sistemini məhv etdiyi bildirilib. “Rusiya ordusunun Buça, İrpin, İzyum, Mariupol və digər şəhərlərdə törətdiyi dəhşətli cinayətlər, Kaxovka su elektrik stansiyasının dağıdılması, ukraynalı hərbi əsirlərin edam edilməsi, o cümlədən yaşayış binalarının, məktəblərin, xəstəxanaların və digər mülki infrastrukturun qəsdən məhv edilməsi qeydə alınıb” – deyilən bəyanatda ukraynalıların Rusiya, Şimali Koreya və İran istehsalı olan müxtəlif növ idarə olunan bombalar, raketlər və pilotsuz təyyarələrin davamlı hücumları şəraitində yaşadığı qeyd edilib. Bəyanatda bütün çətinliklərə baxmayaraq, Ukraynanın Avropa İttifaqı NATO üzvlüyünə doğru irəlilədiyi vurğulanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin 1000-ci günü ilə bağlı Parlamentdəki çıxışında deyib ki, ukraynalıların yalnız özlərinə güvənmələri zərurətini bu sözlərlə izah edib: “Dünyanın Trampdan böyük gözləntisi olduğu halda, biz hər gün çalışmalı və qələbəni təmin etməliyik”. Zelenski bu sözlərlə ona işarə edib ki, ABŞ-ın yardımı Ukrayna üçün vacib olsa da, Ağ Evin yeni sahibi Donald Trampın Ukraynaya yardımı azaltması və ya dayandırması onların işğalçıya qarşı mübarizə əzmini əsla dayandırmayacaq.
Buna baxmayaraq, Volodimir Zelenski reallıqlarla hesablaşır və xarici dəstəyin Ukrayna üçün həyati əhəmiyyət daşıdğını anlayır. Təsadüfi deyil ki, Zelenski xarici işlər naziri Andrey Sibiqanı Vaşinqtona göndərib. O Prezident seçilən Donald Trampın yaxın ətrafındakı şəxslərlə görüşlər keçirəcək. Kiyevin bununla iki məqsədi var. Birinci məqsəd Trampın gələcək müşavirlərinin Ukrayna siyasətini müəyyənləşdirmək, ikinci məqsəd Ukraynaya dəstəyin azaldılmasının və ya dayandırılmasının dünya üçün daha böyük təhlükə yaradacağını onlara anlatmaqdır. Andrey Sibiqa Vaşinqtonda görüşlər keçirərkən, onun yeni təyin olunan müavini Oleksandr Mişenko Ankarada görüşlər keçirib. Vaxtilə Ukraynanın Türkiyə və Azərbaycanda səfir vəzifəsində çalışmış Mişenko bölgəni yaxşı tanıyır. Kiyev üçün Ankaranın da Ukraynanın ərazi bütövlüyünə dəstəyini davam etdirməsi vacibdir. Kiyev Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna müharibəsini dayandırması üçün irəli sürdüyü yeni plan barədə detallı məlumat əldə etmək istəyir.
Müharibənin bitməsini hamı arzulayır. Ancaq Ukrayna və ona dəstək verən dövlətlər ədalətli sülh, Kreml isə qonşu ölkənin bir hissəsini Rusiyanın işğalını rəsmiləşdirməyə imkan verən sülh istəyir. Ona görə də 1000-ci gününü geridə qoyan müharibənin yaxın aylarda bitəcəyini söyləmək çətindir.
“Atlas” Araşdırmalar Mərkəzi
visiontv.az