Yeni Ombudsman Səbinə Əliyeva kimdir? - DOSYE
03.12.2019

Milli Məclisin cümə günü keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva yeni Ombudsman seçilib.

Visiontv.az-ın xəbərinə görə, Səbinə Əliyeva, 17 ildir ki, ombudsman vəzifəsində çalışan 82 yaşlı Elmira Süleymanovanı əvəz edəcək. Elmira Süleymanovanın ombudsman kimi səlahiyyət müddətinin 2017-ci ildə bitməsinə baxmayaraq, bu günədək yeni ombudsman seçilməmişdi.

Səbinə Əliyevanın namizədliyinin lehinə 104 millət vəkili səs verib.

Ombudsman vəzifəsinə üç nəfərin namizədliyi irəli sürülmüşdü. Onlar Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva idi.

Səbinə Əliyeva kimdir?

Azərbaycanın yeni Ombudsmanı Səbinə Əliyeva 1980-ci ildə anadan olub.

Səbinə Əliyeva ixtisasca hüquqşünasdır və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini vəzifəsində çalışır.

O, hüquq üzrə fəlsəfə doktoru və 3-cü dərəcə Dövlət müşaviridir.

Yerli media Səbinə Əliyevanın hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, parlamentin Dini qurumlar və ictimai birliklərlə iş komitəsinin sədri Siyavuş Novruzovla evli olduğunu yazır. Onlar Mərkəzi Seçki Komissiyasının seçici siyahısında eyni ünvanda qeydiyyatdadırlar.