Gunaz TV-nin məlumatına görə, Təbrizin imam cüməsi Əhməd Mütəhhəri Əsl ABŞ prezidentinə xitab edərək qalmaqallı açıqlamasında İranın beynəlxalq internetə çıxışı kəsə biləcəyini iddia edib.
O, bu açıqlamasında deyib: “Az bu gündən elan edirik ki, sahillərimizdən keçən beynəlxalq internetin fiber-optik xətləri ödənişlidir, ya bunun haqqı ödənilməlidir, ya da beynəlxalq interneti kəsəcəyik.”
Bu açıqlama o vaxt səsləndirilib ki, qlobal internet mürəkkəb, çoxmarşrutlu və beynəlxalq infrastruktur üzərində fəaliyyət göstərən bir şəbəkədir. Dənizaltı fiber-optik kabellər və beynəlxalq rabitə xətləri isə müəyyən qanunlar, mülkiyyət hüquqları və texniki protokollar əsasında idarə olunur.
Təbrizin imam cüməsinin bu açıqlamaları müxtəlif reaksiyalara səbəb olub. Tənqidçilər bu sözləri İran rəsmilərinin kommunikasiya texnologiyaları və qlobal infrastruktur barədə reallıqdan uzaq baxışının göstəricisi kimi qiymətləndirirlər.
Tənqidçilərin fikrincə, başqa ölkələrin yüksək vəzifəli rəsmilərinə qarşı təhdid dili ilə danışmaq siyasi güc nümayişindən daha çox, beynəlxalq münasibətlərdə gərginlik yaradan yanaşmanın əlamətidir.
İran son illərdə internetin məhdudlaşdırılması, genişmiqyaslı rabitə kəsintiləri və vətəndaşların informasiyaya sərbəst çıxışının məhdudlaşdırılması səbəbilə insan haqları təşkilatları və internet azadlığı fəalları tərəfindən dəfələrlə tənqid olunub.
visiontv.az