Mirzoyan: "Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq"
25.05.2026

"Ermənistan Türkiyə sərhədinə gedən dəmir yolunun inşası məqsədilə Rusiya tərəfi ilə danışıqlar aparır. Lakin ortaq razılaşma əldə edilməsə, alternativ yollar axtaracağıq".

Visiontv.az  TASS-a  istinadən xəbər verir ki, bunu  Ermənistanın xarici işlər naziri  Ararat  Mirzoyan media nümayəndələrinə açıqlamasında bildirib:

"Ermənistanın Qərb ilə Şərq arasında ticarət və mal dövriyyəsində alternativ zəncir rolunu oynamaq üçün tarixi fürsəti var. Bu ticarət dövriyyəsi onsuz da mövcud olacaq, bizim isə əsas qovşağa çevrilmək üçün mühüm şansımız yaranıb və bundan yararlanmalıyıq. Buna görə də həmin məsələ öz həllini tapmalıdır. Gümrü-Qars marşrutunun fəaliyyətinə mane olan, hazırda mövcud olmayan dəmir yolu hissəsi çəkilməlidir. Hazırda rusiyalı həmkarlarımızla müzakirələr aparırıq, əks halda başqa bir yol tapacağıq, bu məsələ mütləq həll edilməlidir".

Bir müddət əvvəl  Ermənistanın baş naziri  Nikol Paşinyan hökumətin  Azərbaycan və Türkiyə sərhədlərinə doğru uzanan dəmir yolu xətlərini öz gücünə bərpa edəcəyini vurğulayıb. Baş nazir bildirmişdi ki, yaxın zamanlarda erməni tərəfi Gümrü-Axurik və  Axurik-Türkiyə sərhədi istiqamətlərində bərpa işlərinə start verəcək.

Qeyd edək ki, 2008-ci ildə İrəvanda Rusiya Dəmir Yolları və Ermənistan arasında xüsusi konsessiya razılaşması bağlanıb. Bu sənədə əsasən, ölkənin dəmir yolu nəqliyyatı sistemi "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinin idarəçiliyinə təhvil verilib. İmzalanmış razılaşmanın şərtlərinə görə, idarəetmə müddəti 30 il olaraq müəyyən edilib. Eyni zamanda, fəaliyyətin ilk 20 ili başa çatdıqdan sonra tərəflərin ortaq qərarı ilə bu müddətin əlavə olaraq daha 10 il uzadılması hüququ da sənəddə öz əksini tapıb.

visiontv.az