Vergi güzəştləri İKT sektoru üçün əlverişli imkanlar yaradır
29.03.2023

İKT sahəsində yeniliklər iqtisadi mühiti cəlbedici etməklə yanaşı, İKT məhsullarının innovativliyinin və keyfiyyətinin artırılmasına da töhfə verəcək.

Azərbaycanın dayanıqlı inkişaf modelinin formalaşmasında innovasiyaların tətbiqi mühüm yer tutur. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in beş əsas istiqamətindən biri məhz rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının bərqərar olmasıdır.

Azərbaycanda İKT sektorunun inkişafı müxtəlif qanunvericilik aktları və normativ sənədlərdə də yer alır. Bu sahənin inkişafı üzrə atılan addımlar İKT sektorunda müəyyən irəliləyişlərə yol açıb. Texnologiyaların sürətli inkişafı və qlobal çağırışlar İKT sahəsinin davamlı inkişafını şərtləndirir. “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda İKT sahəsinin inkişafı ayrıca hədəf kimi göstərilib.

İKT sahəsi üçün təşviqedici tədbirlər

İKT sahəsinin inkişaf etdirilməsi, bu sahədə hüquqi və fiziki şəxslərin fəaliyyətlərinin dəstəklənməsi və stimullaşdırılması, ölkədə rəqəmsal inkişafın təşviq olunması, xarici investisiyaların cəlbediciliyinin təmin edilməsi, yüksək ixtisaslı mütəxəssislərin və kadrların cəlb olunması məqsədilə Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Qanunda 2023-cü il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklər edilib. Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə - gəlir (mənfəət), əmlak və torpaq vergiləri, dividendlər, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına münasibətdə ƏDV-dən azad edilib. Adıçəkilən şəxslərə vergi güzəştləri onların həm texnopark, həm də texnoparkdan kənar fəaliyyətinə şamil edilir. Sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərdə işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 01.01.2023-cü il tarixdən 3 il müddətinə 8000 manatadək aylıq gəlir olduqda 0 faiz, 8000 manatdan artıq gəlirlərə münasibətdə 5 faiz və 01.01.2026-cı il tarixdən 7 il müddətinə aylıq gəlirin 5 faizi məbləğində tutulacaq.

“Sosial sığorta haqqında” Qanunda dəyişikliyə əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il yanvarın 1-dən 10 il müddətinə məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad edilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslərə isə 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı, öz seçimlərindən asılı olaraq, minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlər üzrə qüvvədə olan Qanunda göstərilən qaydada (14.3-cü və 14.4-cü maddələrə) ödənilməsi müəyyən edilib. Sığortaolunanlar bununla əlaqədar hər il yanvar ayının 15-dək öz seçimləri barədə yazılı məlumatı sığortaedənə təqdim edirlər və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir. Növbəti təqvim ili üçün sığortaolunan qeyd olunan müddətdə seçimi barədə yazılı məlumatı təqdim etmədikdə, sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edir.

Sahibkarların İKT sahəsinə marağı artır

İKT sahəsində sadalanan yeniliklər bu sahədə iqtisadi mühiti cəlbedici etməklə yanaşı, İKT məhsullarının innovativliyinin və keyfiyyətinin artırılmasına da töhfə verəcək. Belə ki, texnologiya parklarının rezidentlərinə verilən vergi, gömrük və digər güzəştlərdən sonra informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən xarici şirkətlərin Azərbaycana marağı artıb. Yerli mətbuatda yayılan məlumatlara görə, artıq İKT sahəsində fəaliyyət göstərən proqram təminatı və təchizatı şirkətləri texnologiyalar parkının rezidenti olmaq üçün müraciət edirlər. Bütün bu tendensiyalar innovativ sektorun ölkəmizdə inkişafı üçün nikbin proqnozlara zəmin yaradır. Mütəxəssislər hesab edirlər ki, qanunvericilikdəki təkmilləşdirmələr bu ilin sonunda Azərbaycana öz töhfəsini daha geniş miqyasda vermiş olacaq və ölkəmiz İKT sahəsində regionda əhəmiyyətli mövqeyə malik olacaq.

Vergilər qəzeti