Ukrayna rəsmiləri Brüsselə və Mayamiyə yollanır: Putin tələblərini sərtləşdirir
05.12.2025

Ukrayna təmsilçiləri Brüsseldə Avropa, daha sonra isə Floridada ABŞ rəsmiləri ilə görüşəcək. Bir neçə gün öncə isə ABŞ nümayəndə heyəti Kremldə beş saatlıq görüş keçirib. Həmin görüşdə Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəni bitirmək üçün sərt şərtlərini bir daha dilə gətirib.

Putin "India Today" kanalına müsahibəsində Ukraynanın suverenliyi və hərbi gücü ilə bağlı uzunmüddətli, geniş tələblərini yenidən səsləndirib.

"Hər şey bu məsələyə gəlib çıxır: ya bu əraziləri güc yolu ilə azad edirik, ya da Ukrayna qoşunları həmin əraziləri tərk edir, orada döyüşləri dayandırır", – Putin Hindistana səfərindən öncə yayımlanan müsahibədə deyib.

Ağ evin elçisi Stiv Uitkoff və ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner dekabrın 2-də Kremldə Putin və digər yüksəkvəzifəli rəsmilərlə görüşüblər. Bu səfərdən iki həftə öncə isə ABŞ-nin hazırladığı sülh planı açıqlanıb və Rusiyanın maraqlarına uyğun olduğu üzə çıxıb. Plan 2022-ci ilin fevralında işğal başlamamışdan Moskvanın səsləndirdiyi sərt tələblərin çoxunu eynilə təkrarlayıb.

Ukrayna rəsmiləri isə Avropa müttəfiqləri ilə birgə alternativ plan hazırlayıblar, onlar ABŞ dövlət katibi Marko Rubio ilə də görüşüblər.

Putinin xarici siyasət müşaviri Yuri Uşakov Moskvadakı danışıqları "konstruktiv" adlandırıb, amma kompromisin tapılmadığını deyib.

D.Tramp

D.Tramp

Uitkoff və Kuşnerin təəssüratı

ABŞ-nin elçisi, diplomatik təcrübəsi olmayan daşınmaz əmlak sahibkarı Uitkoff isə medianın suallarını cavablandırmayıb.

ABŞ prezidenti D.Tramp dekabrın 3-də Oval Ofisdə jurnalistlərə deyib ki, Uitkoff və Kuşnerin sözlərinə görə, Putin razılığa gəlmək istəyirmiş kimi görünüb.

"Bu görüşdən nə çıxacağını deyə bilmərəm, çünki tanqo oynamağa iki nəfər lazımdır. Ukrayna ilə bağlı artıq müəyyən qədər razılaşdırılmış bir çərçivəmiz var", – Tramp əlavə edib.

"Onların təəssüratı belədir ki, [Putin] müharibəni bitirmək istəyir", – prezident deyib.

"Amerika tərəfinin, əsasən, Rusiyanın tələblərinə uyğunlaşdığını görürük", – bunu siyasi analitik Anton Penkovski "Current Time"a bildirib.

"Hazırkı danışıqlarda onlar Kiyevin taktiki və strateji zəif nöqtələrini nəzərə ala bilərlər. Bu mənada Kremlin manevr etmək və yeni tələblər irəli sürməkdən ötrü xeyli imkanları var", – o əlavə edib.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, baş danışmanı Rustem Umerov və Baş Qərargah rəisi Andriy Qnatov dekabrın 3-də Brüsseldə Avropanın milli təhlükəsizlik müşavirləri ilə görüşəcək, daha sonra Uitkoff və Kuşnerlə danışıqlar üçün Floridaya yollanacaqlar.

Dekabrın 4-də səhər Rusiya Ukraynanın cənubundakı Odessa limanı və cəbhə xəttindəki Xerson şəhərinə hava zərbələri endirib, on minlərlə insanın kommunal xidmətləri sıradan çıxıb.

"Şəhərin sakinlərinə istilik verən bu mülki obyektə ciddi ziyan dəyib: stansiya binası, avadanlıqları zədələnib", – Xersonun qubernatoru Oleksandr Prokudin Telegram-da yazıb.

visiontv.az