Türkiyədə 28 fevral “postmodern çevrilişindən” 27 il ötür
28.02.2024

Türkiyə tarixinə “postmodern çevriliş” kimi düşən və nəticələri uzun illər müzakirə edilən Milli Təhlükəsizlik Şurasının (MGK) 28 fevral 1997-ci il toplantısından 27 il ötür.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Rifah Partiyası (RP) və Doğru Yol Partiyasının (DYP) qurduğu 54-cü Hökumət 1996-cı il iyunun 28-də ölkədə hakimiyyətə gəlib.
Mərhum Necmettin Erbakanın baş nazir, DYP sədri Tansu Çillərin isə baş nazirin müavini və xarici işlər naziri vəzifələrində çalışdığı hökumət "rejimi təhdid etdiyi" iddiası ilə müzakirə obyektinə çevrilmişdi.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi 1998-ci il yanvarın 16-da RP-ni “demokratik və dünyəvi cümhuriyyət prinsiplərinə zidd fəaliyyət göstərdiyini, dövlətin ərazisi və milləti ilə bölünməz bütövlüyü prinsiplərini, dövlətin müstəqilliyi prinsiplərini pozduğunu” əsas gətirərək bağlayıb. Necmettin Erbakan və Şevket Kazan, Ahmet Tekdal, Şevki Yılmaz, Hasan Hüseyin Ceylan, İbrahim Halil Çelik deputat mandatlarından məhrum edilərək 5 il müddətinə siyasətdən uzaqlaşdırılıb.

Qərarın 22 fevral 1998-ci ildə Rəsmi Qəzetdə dərc olunması ilə RP-nin 14 illik siyasi həyatı başa çatdı.

İlahə Əliyeva