Bilal və Əhmədiyyə.
26.07.2024

Qaxda bizim kənddə iki dost, iki düşmən var: Bilal və Əhmədiyyə. Yaşca məndən kiçikdirlər, indi əllini ancaq keçiblər. Dostdurlar, ona görə ki, tay-tuşdurlar, ikisi də vurandılar, yeznə-qayındırlar, dərdləri bir, kefləri bir olandılar. Düşməndilər, çünki ikisi də dələduzdurlar, aldatmağa, atmağa adam axtarırlar, bir sözlə, ortaq biznesləri var. Ən əsası isə, onlar haqqında elə məzəli lətifələr danışırlar ki, Hacı dayı kimdir, Molla Nəsrəddin istirahət edir...

Bilal

Bilalın uşaqlığı indi də gözümün (şəkildə soldakı) qabağındadır. Balaca, zənci kimi qara oğlan idi. Həmişə burnu axırdı, qoluna silirdi, üst-başı daim toz içində idi. 3-4 yaşı var idi, təsəvvür edin ki, evdə anasını əmirdi, bayırda siqaret çəkirdi...

Bu hadisəni Bilal özü mənə danışıb, yalanı onun boynuna...

-Bakıda axşama qaldım, özümü axırıncı Qax avtobusuna (gecə saat 11-də çıxırdı) çatdırdım. Onda cavandım, hələ subaydım. Yer yazan Şahin məni yaxşı tanıyırdı, dedim “kişiliyə bir şirvanım var”, inandı, buraxdı. Bir şirvan da mənə “çebuş” pulu qaldı.

Kürdəmirə çatan kimi verdim özümü “stolovoy”un dalına, bir dənə “çebuş” (250 qrqmlıq araq), bir şiş kabab, gecənin sərini... Yeriniz məlum... Beşinci əllini atım deyəndə, daldan bir-iki qaraltı keçdi. Şahini tanıdım, bizim şoferlərdi... Tez əllini şappıldatdım, üstündən bir pomidor, bir tikə kabab vızıldatdım. Şirvanı stolun üstünə atdım, avtobusun dayandığı yerə qaçdım. Gördüm avtobus gedib, yerdə bir şey qaralır. Yaxınlaşdım, mənim qara sumkam idi. Yolun qırağına atıb getmişdilər... Zaqatala avtobusunu gözlədim, cibimdə bir göy beşliyim də (5 şirvan) vardı...

Əhmədiyyə

Kənddə Əhməd deyirlər, çox baməzə adamdır, xatırlayanda adamın dodağı qaçır. Şəkildə sağdadır, arıq, qarayanız oğlandır. Mən görməmişəm, amma deyirlər bu da Bilal kimi uşaqlıqda kef çəkib, evdə anasını əmib, bodvalda atasının çaxırı ilə “zakuska" edib. Bir sözlə, ayağının dırnağından başının tükünə kimi spirtləşmiş adamdır. Araqsız, çaxırsız, “zakuska”sız bir gün qalmır. Bu hadisəni də mənə bizim kəndçilər danışıb, babalı onların boynuna...

Deməli, illər əvvəl bizim kəndə Bakıdan, “Speace” TV-dən “Banu” toy verilişi gəlir. Kənddə Rusiyada işləyən, əli gətirən kişilərdən birinin qızı ərə gedirmiş, “Banu” da dəvətli imiş. Demə, bizim Əhmədiyyə “Banu”nun Günelini çoxdan bəyənibmiş, fürsət gözləyirmiş. Bu Əhmədiyyə çox hazırcavab, sözlü, musiqili, məzəli adamdır, arabir dəvət olanda, kənddə, rayonda “kiçik toy” məclislərini də aparır. Verir özünü “Banu” Günelin yanına, toy verilişinə müştərək aparıcılıq edir. Mən görməmişəm, amma deyirlər Yotubda var, baxanın qarnı cırılar.

Nə isə, Əhmədiyyə şirin dilinə salır, günortadan axşama kimi danışır, qızın da saqqızını oğurlayır. İnsafən, Əhməd “simpatiçni” oğlandır, Günel də subay qızdır, şirindil oğlan axtarışındadır. Beləliklə, oğlan qızın “hərisi”ni alır, belə danışırlar ki, axşam Günel kəndin şadlıq evində (gəlinin atasınındır) qalır, sabah birlikdə Bakıya çıxırlar. Yenə babalı deyənlərin boynuna, deyirlər Əhməd Güneldən “kostym” pulu da, “üzük” pulu da alır...

Deyəsən, başım Əhməd – Banu dastanına qarışdı, Bilal yaddan çıxdı. Təbii ki, Bilal da toyda olur, babat vurur. Amma diqqətdən kənarda qalması, hamının Əhmədiyyədən danışması onu bezdirir. Olsun ki, bacısının taleyi də narahat edir. Bir yüz də vurur, ayağa durur, köhnə “06”-sına minir, düz Əhmədgilə gedir. Bacısına deyir, Əhmədiyyə toydadır, səni gözləyir. Qərəz, ilan dili çıxarır, gəlini birtəhər yoldan çıxarır. Onu da, 3 uşağını da maşına mindirir, düz toy evinə gətirir...

Sonrasını isə, siz təsəvvür edin. Gecə yarıısı Günellə toy evindən çıxan Əhməd bəyi qapıda arvadı və 3 uşağı gözləyir. Lap Hacıbaba Bağırovun məşhur komediyasındakı kimi...

Qalib ARİF

visiontv.az