Tehran erməni turistləri İranın cənubunda qəbul etməyə hazırdır
21.12.2024

“Econews” xəbər verib ki, dünən Qədim Sivilizasiyalar Assambleyasının 8-ci iclasında iştirak etmək məqsədi ilə İrəvana səfər edən İranın mədəni irs, turizm və sənətkarlıq naziri Seyid Rza Salehi Əmiri Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ilə görüşüb və ölkəsinin erməni turistləri qəbul etməyə hazır olduğunu bildirib.

“İran və Ermənistan ortaq sivilizasiya və tarixə və xalqların yaxınlığına görə bir-birinə bağlanmaq və daha yaxın olmaq üçün bir çox imkanlara malikdir. İranın istəyi Ermənistan hökuməti ilə əməkdaşlığı genişləndirmək və müxtəlif sahələrdə əlaqələr yaratmaqdır. Bizim uğurlu iqtisadi və siyasi əlaqələrimiz var, ancaq mədəni əməkdaşlıq və turizm sahəsində daha da möhkəmlənməyə və yeni səmərəli sazişlərə ehtiyacımız var. Ermənilər İranın cənub bölgələri, dənizi və adaları ilə çox maraqlanırlar və bu, erməni turistlərin İranın cənubundakı təbii imkanlara səfərinin artmasına səbəb olur”, - deyə, Salehi Əmiri vurğulayıb.

Onun sözlərinə görə, “qabaqcıl infrastruktur, mütəxəssislərdən ibarət işçi qüvvəsi və ucuz müalicə sayəsində dünyanın müxtəlif yerlərindən, o cümlədən Ermənistandan sağlamlıq məqsədi ilə gələn turistlər İranda müalicə ala bilərlər”.

Görüşdə erməni nazir Gevorq Papoyan deyib ki, sərnişin uçuşlarının artırılması turizmin inkişafı üçün qaçılmaz fürsətdir və bunun üçün lazımı sənədlər hazırlanmalı və bu məsələ həllini tapmalıdır. O, qeyd edib ki, tibb sahəsindəki maneələr daha çox görüşlər və əlaqədar qurumlar arasında danışıqlarla aradan qaldırılacaq.

visiontv.az