Alimlər xroniki ağrıları qidalanma vasitəsilə asanlıqla aradan qaldırmağın yollarını açıqlayıblar
21.12.2024

Cənubi Avstraliya Universitetinin alimlərinin apardığı yeni araşdırma, sağlam qidalanmanın xroniki ağrıları olan insanlar üçün əhəmiyyətli bir rahatlama təmin edə biləcəyini müəyyənləşdirib. Bu, xüsusilə qadınlarda nəzərə çarpır və müsbət təsir bədən çəkisindən asılı deyil.

BAKU.WS xəbər verir ki, bu barədə Nutrition Research jurnalı məlumat yayıb.

Tədqiqatçılar bədən yağı, pəhriz və ağrı arasındakı əlaqəni araşdırıblar. Nəticələr göstərib ki, pəhriz qaydalarına riayət etmək ağrı intensivliyini azaldır.

Statistikaya görə, dünya əhalisinin təxminən 30 faizi xroniki ağrılardan əziyyət çəkir. Avstraliyada bu vəziyyət təxminən 1,6 milyon insan olan beş nəfərdən birində müşahidə olunur. Qadınlar və artıq çəkisi olan insanlar bu problemlə daha çox qarşılaşırlar.

Tədqiqat rəhbəri Sue Uard vurğulayır ki, qida rasionundakı kiçik dəyişikliklər xroniki ağrıları olan insanların həyat keyfiyyətində böyük fərq yarada bilər. Tərəvəz, meyvə, taxıl, yağsız ət və süd məhsullarının istehlakını artırmaq ağrıları azaldır.

Tədqiqat həmçinin pəhrizin kişilərə və qadınlara təsirində fərqlər tapıb. Daha sağlam qidalanan qadınlarda ağrı səviyyəsi daha az və fiziki fəaliyyət daha yaxşı idi, kişilərdə isə bu təsirlər daha az nəzərə çarpırdı.

Materialda deyilir ki, elm adamları pis qidalanmanın ağrıların artmasına və ya əksinə səbəb olub-olmadığını hələ dəqiq müəyyən edə bilmirlər, lakin onlar əmindirlər ki, sağlam qidalanma ağrıları idarə etmək üçün əlverişli və effektiv üsuldur.

Visiontv.az