Süleymaninin qisası alınacaq: Vaxt və yeri İran seçəcək
04.01.2020

Tehran Bağdadda İran İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı general Qasım Süleymaninin öldürülməsinə göz yummayacaq.

Visiontv.az`ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taht-Ravançı CNN telekanalına müsahibəsində qeyd edib.

İranlı diplomat xatırladıb ki, Vaşinqton Bağdad yaxınlığında raket zərbəsi ilə müharibənin yeni bölməsinə başlayıb. Onun sözlərinə əsasən, ABŞ hələ 2018-ci ildən iqtisadi sahədə birtərəfli qaydada Tehranla döyüşərək, İran xalqına güclü təzyiq göstərir.

“Şübhəsiz, İran buna göz yummayacaq. Qisas olacaq, İran lazım bildiyi qaydada cavab verəcək. Bu cür cavabın (qisasın – red.) vaxt və yerini İran müəyyənləşdirəcək”, - deyə Taht-Ravançi qeyd edib.

Xatırladaq ki, cümə axşamı Pentaqon ABŞ-ın İraqda İran generalı Qasım Süleymaninin məhv edilməsi ilə bağlı əməliyyat keçirdiyini təsdiqləyib. İranın Ali lideri ayətullah Seyid Əli Xamenei Qasım Süleymaninin ölümü münasibətilə ölkədə 3 gün matəm elan edib və generalın qisasını alacağına dair vəd verib.