Memarlıq professoru son yüz ildə Təbrizin əksər tarixi abidələrinin dağıdılmasından danışıb
26.04.2024

Təbriz İslami İncəsənət Universitetinin memarlıq professoru Əhəd Nejad İbrahimi Təbriz şəhərinin tarixi abidələrinin vəziyyəti haqqında məlumat verib.

Nejad İbrahimi rəsmi xəbər agentliyi İRNA ilə söhbətində Təbriz şəhərinin əksər tarixi köhnə memarlıq əsərlərinin dağıdıldığını bildirərək deyib ki, “son 100 ildə həyata keçirilən dağıntılar nəticəsində, Təbrizin paytaxt olduğu dövrlərə aid memarlıq quruluşunun nişanı və kimliyi məhv edilib.”

Memarlıq sahəsində mütəxəssis olan universitet müəllimi Təbriz şəhərinin köhnə quruluşunu 10 hissədə dəyərləndirib. 

Şəhərin iki əsrdən artıq bir çox hökumətlərin paytaxtı olması və hökumətə məxsus binalarına aid tikililər, ticarət mərkəzləri olan bazarlar, müdafiə sahəsində şəhərin hasarları, Şazda Bağı kimi bir çox bağlar, mədrəsələr, məscidlər, şəxsiyyətlərin tarixi evləri, şəhərdən keçən tarixi patikalar və yollar, köhnə konsulluqlar və qəbiristanlıqlar mütəxəssis tərəfindən Təbriz şəhərinin 10 kimlik ünsürü olaraq dəyərləndirilib.

Lakin o, Təbriz şəhərinin köhnə memarlığında bu tarixi elementləri təsvir edərkən bu əsərlərin əksəriyyətinin məhv olmasını qeyd edib.

“Təbriz İlxanlılar, Səfəvilər, Qacarlar, Ağ Qoyunlular, Qara Qoyunlular və digər dövrlərdə təxminən 250 il paytaxt olmuşdur. O dövrün dövlət ünsürləri olan hökümət sarayları, cəbbəxana, Məşq meydanı, topçu meydanı, hökumətlərə aid ərk və qalalar və digər abidələr bu gün Təbrizdə qalmalı idi. Amma təəssüflər olsun ki, son 100 ildə həyata keçirilən dağıntılar nəticəsində, Təbrizin paytaxt olduğu dövrlərə aid memarlıq quruluşunun nişanı və kimliyi məhv edilib.” -deyə professor ifadə edib.

Bu universitet professorunun sözlərinə görə, Təbriz şəhərinin müdafiə hasarlarından “demək olar ki, hər şey dağıdılıb və yalnız bir neçə sınıq qapı qalıb.” O, “Bağmeşə Qapısı”nın yanında 6 mərtəbəli binanın tikilməsini tənqid edib və ilkin yerindən köçürülən başqa yerə yerləşdirilən “İstanbul Qapısı”nı da xatırladıb və bu əməli “tarixi məsxərəyə qoymaq” adlandırıb. 

Nejad İbrahimi deyir ki, hazırda Təbrizdə yeddi-səkkiz köhnə konsulluq binası olmalı idi, amma indi yalnız Almaniya konsulluğunun binası qalıb.

"İndi Şazda Bağından və şəhərin digər bağlarından əsər-əlamət qalmayıb və hamısı dağıdılıb." -deyə universitet müəllimi əlavə edib.

Həmin müsahibəsində o, Təbriz şəhərinin arxeoloji xəritəsinin hazırlanmasının zəruriliyini vurğulayıb ki, şəhərdə tikinti işləri davam etdiyi zaman, bu xəritələrə müraciət etməklə, şəhərin həmin ərazisinin altında tarixi quruluşunun zədələnməsinin qarşısını almaq mümkün olsun. İndiyədək şəhər layihələrinin tikintisi üçün aparılan qazıntılar zamanı Təbriz şəhərinin tarixi hissələri aşkar edilsə də, bu abidələrin qorunub saxlanması üçün heç bir tədbir görülməyib.

visiontv.az