"S&P" Azərbaycanın reytinqlərini "BB+/B" səviyyəsində təsdiq edib
25.07.2020

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin yerli və xarici valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini "BB+/B" səviyyəsində təsdiq edib, reytinq üzrə proqnoz “stabil” saxlanılıb.

Visiontv.az-ın agentliyə istinadən verdiyi məlumata görə, "stabil" proqnoz 2020-ci ildə karbohidrogen qiymətlərinin aşağı düşməsinə və iqtisadi azalmaya baxmayaraq, gələn ildən yenidən müşahidə olunacaq iqtisadi artımın Azərbaycanın maliyyə və xarici mövqelərinin maddi olaraq pisləşməsinin qarşısını alacağını əks etdirir. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının oxşar inkişaf səviyyəsindəki olan ölkələrlə müqayisədə ortamüddətli dövrdə yalnız orta səviyyədə inkişaf edəcəyi gözlənilir. Güman edilir ki, manatın ABŞ dollarına qarşı de-fakto məzənnəsinin sabit qalması hökumətin böyük xarici aktivləri ilə dəstəklənəcək.

Agentlik qeyd edir ki, COVID-19 pandemiyası və aşağı karbohidrogen qiymətləri səbəbindən iqtisadi fəallığın kəskin azalmasına baxmayaraq, Azərbaycanın maliyyə və xarici mövqeləri "BB" kateqoriyasında qiymətləndirilən ən güclü ölkələr arasında qalır.