İstedadlı tədqiqatçımız Adıgözəl Məmmədovun tariximizin bu gizli məhcullarına gün işığı tutan “BÖYÜK AZƏRBAYCAN NAMİNƏ BAĞIR SEYİDZADƏ” kitabı bu yaxınlarda oxucuların ixtiyarına veriləcək. Kitab Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, diplomat, jurnalist, tərcüməçi Bağır Mirqasım oğlu Seyidzadənin həyat yolundan bəhs edir. 1950-ci illər elə dövr idi ki, artıq bu zamandan başlayaraq Azərbaycanın rəhbər elitasında, xüsusilə siyasi cəhətdən yetkin gənclərə daha çox üstünlük verilirdi. Bununla da rəhbər vəzifələrdə azərbaycanlılaşdırma siyasəti həyata keçirilirdi.Kitabda bu mövzudan geniş bəhs edilir.
1949-cu ildə Təbrizdə Baş konsulluq fəaliyyətini dayandırdıqdan sonra, Bağır Seyidzadə diplomatik fəaliyyətini davam etdirmək üçün Türkiyəyə getməli idi. O, artıq Yaxın Şərq üzrə çox ciddi mütəxəssis sayılırdı. Dilarə Seyidzadə xatırlayır ki " Hələ atam Moskvada Ali Diplomatiya kurslarını keçən zaman Molotovla kursantların görüşü təşkil olunur. Görüşdə Molotov atamdan soruşur: “Siz fars dilindən başqa, hansı əcnəbi dilləri bilirsiniz? Atam cavab verir ki, mən fransız dilini uşaq ikən öyrənmişəm, həm də burda fars dili ilə yanaşı ərəb dilini də öyrədirlər. Molotov ona Avropa dili olan fransız dilini bilməyi barədə heç kimə deməməyini xahiş edir.Çünki onun bu dil bilgisindən gələcəkdə Avropa istiqamətində yararlana biləcəyini qeyd edir”.
Ona görə də Bağır Seyidzadənin həm də avropa dillərini bilməsi onun gələcək karyerası üçün böyük əhəmiyyət kəsb edirdi. Lakin Bağır müəllimin Cənubi Azərbaycandakı xidmətlərini yüksək qiymətləndirən M.C.Bağırov qərara gəlir ki, o, Azərbaycanda işləməlidir və onu kinematoqrafiya naziri təyin edir. Əlbəttə, onun Cənubi Azərbaycanda gördüyü mühüm işlər, Bağırovun hafizəsində ciddi iz qoymuşdu, çünki o, əmin idi ki, Bağır Seyidzadə Azərbaycan xalqı naminə doğma Bakımızda daha çox iş görə bilər. 1950-ci illər elə dövr idi ki, artıq bu zamandan başlayaraq Azərbaycanın rəhbər elitasında, xüsusilə siyasi cəhətdən yetkin gənclərə daha çox üstünlük verilirdi. Bununla da rəhbər vəzifələrdə azərbaycanlılaşdırma siyasəti həyata keçirilirdi. Məhz bu dövrdə Bağır Seyidzadənin kinomatoqrafiya naziri kimi, Azərbaycanın tanınmış alimlərindən biri geologiyanın inosemerlər sahəsi üzrə ilk Azərbaycan alimi Musa Əliyevin Elmlər Akademiyasının Prezidenti seçilməsi kimi, (onu da qeyd etmək istəyirəm ki, M.C.Bağırova Musa müəllimin Elmlər Akademiyasının prezidenti olması təklifini, tanınmış cərrahımız, Akademiyanın ilk prezidenti Mir Əsədulla Mirqasımov vermişdi-A.M)
Vəli Axundovun səhiyyə nazirinin müavini kimi və digər gənc azərbaycanlı kadrlar irəli çəkilirdilər. Eyni zamanda partiya və dövlət rəhbərliyinə də gənc azərbaycanlılar irəli çəkilirdi. Amma siyasi rəhbərlikdə gəncləşmə və bir çox hallarda azərbaycanlılaşma siyasəti çox ciddi qısqanclıqla qarşılanırdı. Yəni faktiki olaraq Azərbaycan rəhbərliyinə qarşı kommunist qiyafəsində daşnak erməni siyasi elitasının total hücümu başlamışdı. Məktublar daha çox Moskvaya ünvanlanırdı. Məsələn Elmlər Akademiyasının yeni prezidenti Musa Mirzə oğlu Əliyev hələ bir il öncə Azərbaycan SSR Nazirlər Sovetinin müavini və Dövlət Plan Komitəsinin sədri olduğu dövrdə 1950-1970-ci illər üçün respublikanın 20 illik inkişaf planını təqdim etmişdi. Məhz bu gənc və istedadlı azərbaycanlı kadr Azərbaycanda bu gün bizim Bakı şəhərimizin ən gözəl arxitektur binaları sayılan M.F.Axundov adına Milli Kitabxanamız, Azərbaycan Dövlət Dram Teatrının binası və ən böyük layihələrdən biri akademiya şəhərciyi və akademiyanın binası və Şamaxıda Astrofizik Rəsədxanası və 1941-ci ildən dondurulmuş metro tikintisi, turboprokat zavodunun inşası, eyni zamanda da digər iqtisadi əhəmiyyətli layihələrin həyata keçirilməsinin birbaşa təşəbbüskarı və bu işin əsasını qoyanlardan biri idi. Belə bir kadırın əlbəttə ki, Dövlət Plan Komitəsindən Elmlər Akademiyasına getməsini heç Mircəfər Bağırov istəmirdi. Çünki Musa müəllim özünün yenilikçi xüsusiyyəti ilə çox ciddi nailiyyətlərə nail olmuşdu. Amma yuxarıda qeyd etdiyim kimi Mir Əsədulla Mirqasımovun təşəbbüsü ilə Musa müəllim Elmlər Akademiyasının prezidenti seçilir. Əslində Bağırovun Musa müəllimə bu münasibətinə çox qısqanclıqla yanaşanlardan biri də Nazirlər Sovetinin sədri Teymur Quliyev idi. Bağırovun Moskvaya gedişindən sonra Musa müəllim Azərbaycan rəhbərliyinə ən layiqli namizəd idi. Bax, belə milli ruhlu bir adamın Azərbaycan rəhbərliyinə gəlməsinə daşnak qruplaşması imkan verə bilməzdi. Çox keçmir ki, bu dəfə Laçinyanın timsalında bir daşnak meydana çıxır. Laçinyan 1952-ci ildə Mərkəzi Komitəyə təxribat xarakterli məktub yazır. Məktubda göstərir ki, Musa müəllim hələ 40-cı illərin əvvəlində geologiya idarəsinin rəhbəri işlədiyi vaxt “Alabaşlı” yatağında tədqiqat aparmış və burada hematitin 250 min ton həddində olduğunu göstərək , bu yatağın səmərəsiz olduğunu demişdir. Onun bu rəqəmi göstərməsi təmamilə yanlışdır. Bu yataqda 5 milyon ton hematit vardır. Amma sonralar Musa müəllimin təxmini öz təsdiqini tapsada, Lacınyanın təklifi ilə çox lazımsız məsrəflər oldu. Əlbəttə, Musa müəllimə qarşı hazırlanmış bu oyunla iki məqsəd güdülürdü: M.C.Bağırovla Musa müəllimi üz-üzə gətirmək;
"Sabotajçı" kimi Musa müəllimi məsuliyyətə cəlb etdirmək. Burada mən bir məsələni vurğulamaq istəyirəm ki, faktiki olaraq Mircəfər Bağırov artıq o dövrdən başlayaraq bir siyasi varis axtarışında idi. Onun fikrincə ən ciddi fiqurlardan biri də Musa Əliyev idi. Nazirlər Sovetinin sədri Teymur Quliyevlə yanaşı Musa müəllimə çox qısqanclıqla yanaşan digər bir şəxs də Bakı şəhər Partiya Komitəsinin katibi Qnidin idi.Musa müəllimlə Qnidin arasında hələ 1944-cü ilə söykənən bir ziddiyyət vardı. Musa müəllim o dövrdə Azərbaycan KP MK-nin şöbə müdiri işləyirdi. Xəbər verilir ki, Şimali Qafqazdan Lənkərana gətirilmiş 240 yetim uşaq arasında qarın yatalağı xəstəliyi yayılıb. Təcili müdaxilə tələb olunduğundan Musa müəllim bu uşaqların vaqonlarla Bakıya etap olunmasını və izolyasiya olunmalarını tapşırır. Onların müalicəsi vaqonlarda aparılmağa başlanır. Dörd nəfər uşaq tələf olsa da yerdə qalanlar tam sağalır. Qnidin Bağırova xəbər verərək deyir ki, bəs Musa Əliyev Bakıda epidemik vəziyyət yaradaraq qarın yatalağı xəstələrini paytaxta etap etdirib.Bağırov həqiqətin nə yerdə olduğunu bildikdən sonra Qnidinə"Sən neçə ildi Azərbaycanın çörəyini yeyirsən, amma ağıllı azərbaycanlıları görməyə gözün yoxdu. Sən məni çaşdırmağa çalışdın"və üzünü Maarif nazirinə tərəf çevirərək "sən də həmişə Musa Əliyevdən şikayət edirsən, amma sənin görməli işini o görüb və buna görə ona təşəkkür etməlisən"("Öz dəst-xətti ilə Musa Əliyevin gündəliyi"Bakı 2022-ci il (rus dilində) səh.239-242.).
Yaxud yenicə irəli çəkilən Vəli Axundovdan yazırdılar:
“Azərbaycan K(b)P MK-nın katibi M. C. Bağırov yoldaşa!
Biz bolşevik sayıqlığımızı itirmədiyimiz üçün bir məsələni bilən kimi Sizə yazmalı olduq.
Azərbaycan səhiyyə nazirinin müavini vəzifəsinə müsavatçı və xalq düşmənlərinin içərisindən çıxmış Vəli Axundov adlı birisi soxulmuşdur. Bu adamın əmisi oğlu Əkbər Axundovu Siz yaxşı tanıyırsınız.
1. Əkbər Axundov - kiçik yaşlarından Saray kəndində təşkil olunan Müsavat Partiyasının 1920-ci ilə kimi katibi olmuşdur. Sonradan Kommunist Partiyası sırasına daxil olmuş, nəhayət, Narkomzem Vasilkinin, Həmid Sultanovun vasitəsilə Naxçı¬van Partiya Komitəsinin rəhbərliyinə soxulmuşdur. Bu xalq düşməninin nə kimi işlər gördüyü və ailəsinin ifşa olunduğu Sizə çoxdan məlumdur.
2. Əbülfəz Axundov - keçmişdə bu da Müsavat Partiyasının üzvü idi. Sonralar Bolşeviklər Partiyası sıralarına daxil olmuş, kolxoz quruluşuna ziyan verdiyindən deputat Nəriman Mamedova sui-qəsd hazırlamaq üstündə ifşa olunmuşdur.
3. Əsgər Axundov öz qardaşlarının işini davam etdirdiyindən 1941-ci ildə ifşa olunmuşdur.
4.Əli Axundov - kiçik qardaş olmaqla ardıcıllıq edirdi. Nəhayət, bu da 1941-ci ildə Qazaxıstana sürgün edilmişdir.
Qəhrəman Sadıxlı Axundovların böyük bacısı Sayad Axundovanı alaraq bunlarla qohum olmuşdur. Qəhrəman Sadıxlı 1920-ci ilədək Saray kəndində Müsavat Partiyasının sədri olmuşdur. Qaynı Axundov Əkbər isə bu partiyanın katibi idi. Sonralar Bolşevik Partiyası sıralarına soxulan Sadıxlı, nəhayət, 1937-ci ildə qaynı A. Əkbər ilə birlikdə kolxoza vurduğu ziyanlar üstündə ifşa olundu.
Vəli Axundov belə bir müsavatçı və xalq düşməni ailəsindən çıxmışdır. İndi isə öz siyasi sayıqlığını itirən səhiyyə naziri, Kübra Fərəcovanın qadınlığından istifadə edərək, birinci müavin olmuşdur. Deyildiyinə görə, Fərəcova onun yaxşı “natiq” olduğuna aldanıb özünə müavin götürmüşdür.
Məktubdakı, faktlar təsdiqlənsə də Bağırov Mərkəzi Kömitənin katibi Qəzənfər Məmmədov vasitəsilə Vəli Axundova başa salır ki, bu “donosçuların” ucbatından Moskvadan gələ biləcək mənfi reaksiyanı neytrallaşdırmaq üçün onun ünvanına izahedici bir məktub yazsın .
1949-cu il 24 noyabr Bakı şəhəri Voroşilov rayon Partiya Komitəsi və Səhiyyə Nazirliyinin ilk partiya təşkilatında “müsavatçı qohumları haqqında məlumatları partiyadan gizlətdiyi üçün” şəxsi uçot vərəqəsinə yazılmaqla töhmət elan olunsa da, M.C.Bağırov Vəli Axundovu sona qədər qoruyur. Bir müddət sonra Vəli Axundovun üzərindən töhməti götüzdürərək öz yanına gətirir və MK-nın şöbə müdirinin müavini vəzifəsinə təyin edir (Düzdür, Vəli Axundova qarşı Bağırov tərəfindən sərgilənən bu rəhimli münasibət sonradan Vəli Axundovun siyasi rəhbərliyi dönəmində çox təəssüf ki, Bağır Seyidzadəyə qarşı sərgilənmədi. Bəli, bu münasibət əlbəttə ki, üzücü bir hal idi-A.M). Bir müddət sonra Bağır Seyidzadə ilə də bağlı bu məzmuna bənzər məktub həm Moskvaya, həm də Azərbaycan KP Mərkəzi Komitəsinə yazılacaqdı. Amma bu, bir qədər sonra olacaqdı.
6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.
(Ardı var)
visiontv.az