Sina Yusufi: İranda hökümətin tətbiq etdiyi məhdudiyyətlər nəticəsində insan haqları vəkillərinin sayı olduqca azalıb
02.03.2024

Hazırda mühacirətdə yaşayan insan haqları vəkili Sina Yusufi Amerikanın Səsi ilə söhbətində İran İslam Respublikasının siyasətləri və tətbiq etdiyi məhdudiyyətlər nəticəsində ölkədə fəaliyyət göstərən insan haqları vəkillərinin sayının olduqca azaldığını vurğulayıb.

Sina Yusufinin sözlərinə görə, 1979 İslam İnqilabından sonra İran hakimiyyəti tədricən vəkillərin fəaliyyətini məhdudlaşdırmaq və Vəkillər Kollegiyasının müstəqilliyini pozmaq yönündə siyasət yürüdüb və qanunlar çıxarıb. 

“Demək olar ki, hökümət tədricən elə qanunlar çıxardı ki, vəkillərin məhkəmə işlərinə girməsini məhdudlaşdırsın. İndi də, gəlib o nöqtəyə çatıb ki, bəzi qanunlar çıxararaq məxsusən təhlükəsizlik ittihamları ilə əlaqədar, vəkilin dosyeyə çıxışını, müttəhimin isə vəkilə çıxışını məhdudlaşdırıb,” deyə Yusufi qeyd edib.

Vəkil İran dövlətinin xüsusilə son 10 il ərzində yürütdüyü siyasətlər nəticəsində insan haqları vəkillərinin sayının olduqca azadığını vurğulayıb:

“Biz bu son 10 ili ələ alsaq, hökümətin bir siyasəti və ya bir qərarı var var ki, insan haqları vəkillərini məhdudlaşdırsın və onların təhlükəsizlik ittihamlarla əlaqədar dosyelər almasının qarşısını alsın. Bu siyasəti irəli götürüb və məclisdə də bəzi qanunlar çıxarıb ki, vəziyyət demək olar ki, daha da pisləşir. Yəni, biz məsələn iki il əvvəl Azərbaycanda və İranın başqa bölgələrində bir çox insan haqları vəkilinin adını saya bilərdik, ancaq indi çox azalıb. Hökümət təhdid edərək və onlara qarşı məhkəmə işi açaraq o vəkillərin qarşısını alır.”

Yusufi hökümətə yaxın qüvvələrin Vəkillər Kollegiyasının idarəsinə nüfuz etdiyinə diqqət çəkərək deyib ki, müstəqilliyini itirmiş Şərqi Azərbaycan Vəkillər Kollegiyası vəkillik imtahanını keçmələrinə rəğmən bəzi vəkillərə fəaliyyət imkanı verməyib.

“Vəkillər Kollegiyasına üzv olmanın önündə bəzi filterlər qoyublar. Elə bizim Azərbaycan bölgəsində çoxları var ki, vəkillik imtahanını keçiblər, ancaq təhlükəsizlik qurumlarının müdaxiləsi ilə onlara lisenziya verilməsi əngəllənib. Bir nümunəsi ki, xəbəri də yayılıb Yılmaz Mehrəlibəylidir ki, imtahanı keçmişdi, ancaq ona vəkillik lisenziyası verilmədi. Çox nümunələr də var ki, xəbərləri yayılmayıb,” deyə hazırda mühacirərdə yaşayan vəkil bildirib.Sina Yusufi əlavə edib ki, “İran höküməti sistemli şəkildə Azərbaycanda və digər bölgələrdə vəkilləri repressia edir. Bunun təsiri də millətin özünü məhkəmələrdə müdafiə etmə haqqına olur. Hökümət istəyir ki, onu narahat edən vəkillər olmadan insanları rahatlıqla mühakimə edə bilsin.”

visiontv.az