Serbiyada Cinayət Axtarış Polisinin rəisi Marko Kriçak və Cinayətkarlıqla Mübarizə Xidmətinin rəhbəri Boşko Sekuloviç saxlanılıblar.
Visiontv.az RBK-ya istinadən xəbər verir ki, onlar Belqradda kriminal avtoritet Aleksandr Neşoviçin qətlinin istintaqı zamanı vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinirlər.
Məlumata görə, şübhəlilərin dindirmə prosesində saxlanılan şəxslərə fiziki güc tətbiq etməsi, şahidlərə təzyiq göstərməsi və ifadələri istintaqın versiyasına uyğunlaşdırmaq məqsədilə dəlilləri saxtalaşdırması ehtimal olunur. Bundan əvvəl iş üzrə bir neçə təqsirləndirilən şəxs onlara qarşı zorakılıq hallarının tətbiq olunduğunu iddia etmişdi.
Hər iki polis qurumu rəhbəri 48 saata qədər müddətə nəzarətə götürülüb.
Serbiyanın Baş prokuroru Nenad Stefanoviç qeyd edib ki, saxlanılmalar yalnız aparılan istintaqla əlaqədardır və parlament seçkilərinin nəticələri ilə bağlılığı yoxdur.
Qeyd edək ki, hadisələr ölkədə baş verən siyasi dəyişikliklər fonunda cərəyan edib. Oktyabrın 25-də keçirilən seçkidə müxalif "Tələbə hərəkatı" prezident Aleksandr Vuçiçlə əlaqəli olan koalisiyanı üstələyib. Həbslərdən qısa müddət əvvəl qalib gələn hərəkatın nümayəndələri Kriçakın istefasını tələb edirdilər.
visiontv.az