Şənbə günü Urmiyə və Salmasda biri qadın olmaqla 9 nəfər edam edilib
20.05.2024

İran höküməti həftələrdir öz hüquqi normalarından da kənara çıxaraq edam hökmlərinin tətbiqini rekord həddə çatdırıb.

Hüquq müdafiə qurumları şənbə günü, may ayının 18-də Qərbi Azərbaycan vilayətinin Urmiyə və Salmas şəhərlərində azı 9 məhkumun asıldığını bildiriblər. Urmiyədə edam edilənlər arasında Pərvin Musəvi adlı bir qadının vəziyyəti bir neçə gün idi hüquq müdafiəçilərinin gündəmində idi.

Norveçdə yerləşən İran İnsan Haqları təşkilatının (IHR) məlumatına görə, şənbə günü səhər saatlarında bir qadın və azı 5 kişinin ölüm cəzası tətbiq olunub.

Təşkilat asılanların kimliyini 53 yaşlı marağalı qadın Pərvin Musəvi, urmiyəli Ramin Ləvəndi (30), Bukan şəhərindən Mənsur Nasiri (45), Urmiyəli Yusuf Səidi Çehrə (30), urmiyəli Pərviz Mirqasimi və soy adı Cəbəli olan bir təbrizli olaraq açıqlayıb.

Hüquq müdafiəçiləri Pərvin Musəvinin asılması ilə 2024-cü ildə İranda edam cəzası tətbiq olunan qadınların sayının 9-a çatdığını bildiriblər.

Urmiyədə asılan şəxslər daha əvvəl narkotik maddə qaçaqmalçılığı ittihamları ilə əlaqədar ölüm cəzasına məhkum olmuşdular.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi şənbə günü Urmiyənin şimalında yerləşən Salmas şəhərində də 3 şəxsin dar ağacından asıldığına dair məlumat yayıb.

HRA agentliyi Salmasda edam edilənlərdən birinin 47 yaşında və üç uşağın atası olan Əsgər Hacızadə olduğunu açıqlayıb. Asılan digər məhkumlardan birinin əslən Mahabad (Savcbulaq) şəhərindən, bir başqasının isə Salmasın Xərəquş kəndindən olduğu bildirilib. Salmas həbsxanasında edam edilən şəxslər də qaçaqmalçılıqla bağlı mühakimə olunmuşdular.

Keçən bir neçə gün ərzində Təbriz, Qızılhasar (Kərəc), Qəzvin və Qum şəhərlərində də edam hökmləri tətbiq edilib.

visiontv.az