Rusiyanın məğlubedilməzliyi haqda mif ilk növbədə insanların şüurunda dağılmalıdır: O cümlədən də azərbaycanlıların
Rusiyanın məğlubedilməzliyi haqda mif ilk növbədə insanların şüurunda dağılmalıdır: O cümlədən də azərbaycanlıların
11.11.2022 Ərəstun Oruclu Tərəfindən

İşğalçı Rusiya ordusu Xersondan geri çəkilir və bu, addımın Ukrayna ordusunu tələyə salmaq üçün hansısa mühüm bir əməliyyatın tərkib hissəsi olduğunu iddia edən onlarla konspiroloji iddialar irəli sürülür. Halbuki, məsələ olduqca sadədir.

Resursları sürətlə tükənən Rusiya ordusu geri çəkilir ki, Xersonda yerləşdirilmiş 40-50 arası sayda hərbi kontingentini məhv olunmaqdan xilas edə bilsin. Müharibənin arxada qalan 9 ayı açıq şəkildə göstərdi ki, Ukrayna ordusunu  tələyə salmaq asan deyil.

Ukrayna ordusunun bütün sahələrdə, o cümlədən kəşfiyyat əməliyyatları fəaliyyəti ciddi koordinasiya olunur. Xersonda da belə oldu. Rusiyanın guya tələ qurması, qarşı tərəfin minalanmış şəhərə buraxılaraq məhv edilməsi və s. kimi versiyaları ciddi qəbul etməyən Ukrayna komandanlığı öz işini davam etdirir.

Onun işi işə Dnepr çayının sol sahilinə çəkilməkdə olan işğalçı ordunun hissələrini dəqiq artilleriya zərbələri ilə məhv etməkdən ibarətdir. Bu da gözlənildiyi kimi, Rusiya - Ukrayna savaşının müqəddəratının Xersonda həlli deməkdir.

Gözlənilən həm də Rusiyanın həmin işğalçı müharibədə məğlubiyyətə uğrayacagı idi ki, bu da günbəgün yaxınlaşmaqdadır. Başqa cür də ola bilməzdi, çünki korrupsiya, talançılıq, qanunsuzluq içində boğulan bir ölkənin ordusu heç vaxt qalıb gələ bilməz. Üstəlik də ədalətsiz işğalçı müharibədə.

Bu arada etimad doğuran ciddi hərbi ekspert dairələri Rusiyanın nüvə başlıqlı "Paseydon" torpedosunun sınağının uğursuz olduğunu bildirirlər. Burda da qeyri-adi heç nə yoxdur: öz əsgərini ərzaq, tibbi yardım və yataqla təmin edə bilməyən ölkənin hansısa supermüasir silah iddiası xəyaldan başqa heç nə ola bilməz.

Rusiyanın məğlubedilməzliyi haqda mif addım-addım dağılmaqdadır. Hələlik döyüş meydanında. Amma onun aradan tam qaldırılması üçün həmin mifin ilk növbədə insanların şüurunda dağılması vacibdir. O cümlədən də azərbaycanlıların.

politoloq Ərəstun Oruclu

visiontv.az